Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı çərçivəsində Karyera Forumu keçirilib.
Forum universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyevin moderatorluğu ilə baş tutub. Spiker qismində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktoru Cəmil Səfərov, Kapital Bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev və “AzGranata” şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyev çıxış ediblər.
Spikerlər şəxsi karyera yolları, bu yolda qarşılaşdıqları çətinliklər, verdikləri həlledici qərarlar barədə danışıblar. Onlar gənclərə uğurlu karyera üçün əsas prioritetlər, texnologiya və sahibkarlıq sahələrində zəruri bacarıqlar, şəxsi keyfiyyətlərin rolu, gənc sahibkarların buraxdığı tipik səhvlər, dövlət qulluğuna hazırlıqla bağlı tövsiyələr verib, tələbələrin suallarını cavablandırıblar.
Panel müzakirəsi formatında keçirilən Forumun məqsədi tələbələri iş dünyası ilə birbaşa əlaqələndirmək, əmək bazarının real tələbləri ilə tanış etmək və karyera istiqamətində dəstək göstərmək olub.
Bu fəaliyyət SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədlərinə töhfə verir. Müxtəlif sahələrdən olan peşəkarların şəxsi karyera təcrübələrini bölüşməsi tələbələrin peşəkar inkişaf yolunu daha aydın görməsinə kömək edir. Forum formatı əmək bazarının tələblərini, fərdi bacarıqların rolunu və qərarvermə mexanizmlərini praktik müstəvidə anlamağa imkan yaradır. Belə tədbirlər gənclərin əmək dünyasına daha şüurlu və hazırlıqlı daxil olmasını dəstəkləyir.