Azərbaycan Texnologiya Universitetinin (ATU), Gəncə şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Gənclər Evinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr edilmiş "III Əzm Marafonu" keçirilib.
Yarışçılar əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini dinləyib, ardınca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edib, marafonun artıq üçüncü ildir ki, keçirildiyini və ənənəvi olaraq hər il təşkil ediləcəyini qeyd edib. YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov da çıxış edərək yarışçılara uğurlar arzu edib.
Marafon Gənclər Evinin önündən start götürüb, finiş xətti Zəfər Tağında yerləşib. 300 nəfərin qatıldığı yarışda birinci, ikinci və üçüncü yerləri tutan qaliblər qadın və kişi kateqoriyaları üzrə mükafatlandırılıblar.
Bu təşəbbüs SDG 3 (Sağlamlıq və rifah) və SDG 11 (Dayanıqlı şəhərlər və icmalar) məqsədləri ilə uyğunluq təşkil edir. Gənclərin idmana cəlb olunması sağlam həyat tərzinin təşviqi baxımından mühüm sosial əhəmiyyət daşıyır. Kütləvi idman tədbirləri eyni zamanda sosial həmrəyliyi və ictimai fəallığı gücləndirir. Belə yarışlar fiziki aktivliyi təşviq etməklə yanaşı, icma əsaslı müsbət sosial mühitin formalaşmasına da təkan verir.