Azərbaycan Texnologiya Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində daha 4 yeni tədris otağı əsaslı təmir və bərpadan sonra istifadəyə verilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və digər rəhbər heyət ixtisasların spesifikasına uyğun olaraq tematik dizaynda qurulmuş otaqlarla tanış olub. Rektor auditoriyaların yenilənməsinin təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi, tələbələrin daha səmərəli və yaradıcı şəkildə təhsil alması məqsədilə həyata keçirildiyini vurğulayaraq universitetdə tədris infrastrukturunun daim yenilənməsi və təkmilləşdirilməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Yeni istifadəyə verilən "Rəngkarlıq maketləşdirmə" və "Təsviri incəsənət və rəsm" auditoriyaları Yüngül sənaye mühəndisliyi və dizayn fakültəsinin, "Ekologiya" və "Mülki müdafiə" auditoriyaları isə Qida mühəndisliyi fakültəsinin tərkibində yaradılıb.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) ilə birbaşa, SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə isə dolayı şəkildə bağlıdır. Tədris infrastrukturunun yenilənməsi tələbələrin daha əlverişli, yaradıcı və ixtisasyönümlü mühitdə təhsil almasına şərait yaradır. Tematik auditoriyaların yaradılması nəzəri və praktiki öyrənmə prosesinin daha səmərəli təşkilinə xidmət edir. Bu isə ali təhsildə keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində mühüm addım hesab oluna bilər.