Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfrans çərçivəsində İsrailin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Holon Texnologiya İnstitutunun alimlərinin iştirakı ilə xüsusi sessiya təşkil olunub.
Seminarda israilli alimlər – Prof. Michael Winokur, Prof. Haim Dottan, Prof. Antoanet Levy, Prof. Ilya Levin və Dr. Galit Welner müxtəlif sahələr üzrə elmi məruzələrlə çıxış ediblər. Təqdim olunan mövzular müasir dövrün elmi-texnoloji çağırışlarını əhatə edib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Prof. Michael Winokur “Əşyaların interneti (Internet of Things - IoT) laboratoriyası təcrübəsinin bölüşülməsi” mövzusunda çıxış edərək bu texnologiyanın sənaye və gündəlik həyatdakı tətbiqlərinə dair nümunələr təqdim edib. Prof. Haim Dottan və Prof. Antoanet Levy “Mədəni irs texnologiyaları və turizm” sahəsində innovativ yanaşmaları iştirakçılarla bölüşüblər. Prof. Levin və Dr. Galit Welner isə “Çoxdan gözlənilən süni intellektin gözlənilmədən meydana çıxması” başlıqlı təqdimatla süni intellektin sürətli inkişafına dair maraqlı faktlar və nümunələr açıqlayıblar.
Bundan əlavə, Prof. Antoanet Levy “HIT – Holon Texnologiya İnstitutu ilə Azərbaycan arasında fəaliyyətlər və əməkdaşlıqlar” mövzusunda təqdimatla çıxış edərək gələcəkdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivlərinə toxunub.