Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Beynəlxalq Bankı (ABB) və Granada Universitetinin birgə təşkilatçılığı ilə İspaniyanın Granada Universitetinin tədqiqatçısı Jose Ramon Trillonun iştirakıyla "Süni İntellekt və Data sahəsində son yeniliklər və onların bank sektorunda tətbiq imkanları" mövzusunda vebinar keçirilib. 

ATU-nun akademik heyəti və gənc tədqiqatçılar üçün təşkil olunan vebinarda süni intellekt və böyük verilənlər sahəsindəki son nailiyyətlər, bu texnologiyaların bank sahəsində tətbiq imkanları ətraflı şəkildə müzakirə olunub. 

Jose Ramon Trillo təqdimatında qlobal miqyasda data analitikası və öyrənən alqoritmlərin sürətlə inkişaf etdiyini və onların maliyyə sistemində risklərin idarə olunması, fırıldaqçılığın aşkarlanması və müştəri təcrübəsinin optimallaşdırılması kimi sahələrdə effektiv tətbiq olunduğunu qeyd edib.

Vebinar çərçivəsində ATU ilə Granada Universiteti arasında yaranan əməkdaşlıq əlaqələrinin əhəmiyyəti də vurğulanıb. Bildirilib ki, bu cür elmi-tədris platformaları iki universitet arasında təcrübə mübadiləsinin genişlənməsinə, birgə tədqiqatların aparılmasına və tələbə-müəllim mobilliyinin təşviqinə zəmin yaradır.