Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda Tədrisin təşkili və idarə olunması şöbəsinin müdiri Cəsarət Şabanovun yaz imtahan sessiyasına hazırlığın vəziyyətinə dair hesabatı dinlənilib. Ardınca İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifovun, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ülviyyə Məmmədovanın, eləcə də Mühasibat uçotu və iqtisadi təhlil şöbəsinin müdiri İradə Zeynalabdinzadənin hesabatı dinlənilib. Daha sonra strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov Dayanıqlılıq komissiyasının yaradılması barədə təkliflə çıxış edib.
İclasda Maşın mühəndisliyi və logistika kafedrasının əməkdaşı Rəsmiyyə Rzayevanın dosent elmi adı alması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) qarşısında vəsatət qaldırılması ilə bağlı seçki keçirilib.
İclas çərçivəsində Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı, Avtomatika və informasiya texnologiyaları kafedrasının dosenti Rövşən Mustafa oğlu Hacıyev AAK-ın 11.04.2025-ci il tarixli qərarı ilə 3102.01 – Aqromühəndislik ixtisasında texnika elmləri elm sahəsi üzrə elmlər doktoru dərəcəsi alması münasibəti ilə təltif edilib.