Azərbaycan Texnologiya Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyəti, Qida mühəndisliyi fakültəsi və Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl səssizliyin səsi: Bitkilərin mühafizəsi” adlı elmi - praktiki seminar keçirilib.
Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-də təşkil olunan seminarda ATU-nun Qida muhəndisliyi fakültəsinin “ekologiya” və “ekologiya mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələri və akademik heyəti iştirak edib.
Seminarın açılış hissəsində Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov çıxış edərək tələbələrə elmi fəaliyyətlərində uğurlar arzu ediblər.
Daha sonra ATU tələbələri Nuranə Zamanova, Nigar Qazıyeva və Niyazi Əliyevin təqdimatında müvafiq olaraq “Pestisidlərin kənd təsərrüfatında rolu və insan sağlamlığına təsiri”, “Bitki mühafizəsi haqda beynəlxalq konvensiyalar”, “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” adlı məruzələr dinlənilib.
Seminar çərçivəsində ATU tələbələri üçün ETİ mütəxəssislərinin istehsalda dayanıqlılığın təmin olunması və ekoloji balansın qorunmasında müasir yanaşmalar və s. mövzuda təlimləri baş tutub.
Daha sonra tələbələr institutun laboratoriyaları ilə yaxından tanış olublar.
Bu fəaliyyət SDG 2 (Aclığa son) və SDG 15 (Quruda həyat) ilə yanaşı SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) ilə də əlaqəlidir. Bitki sağlamlığının qorunması ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas amillərdən biridir. Seminar çərçivəsində təqdim olunan elmi yanaşmalar kənd təsərrüfatında davamlılığın gücləndirilməsinə yönəlmişdir. Bu isə ekosistemlərin qorunması və qlobal iqlim risklərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.