Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bir neçə gün əvvəl Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə əlaqədar dedikləri insanlarımızı, insanlığı daha məsuliyyətli olmağa, bəşəriyyəti cənginə almış bəlayla birgə mübarizə aparmağa çağırışdır. Cənab Prezident bildirdi ki, vətəndaşlarımız koronavirus pandemiyası ilə bağlı dövlətin bütün addımlarını dəstəkləyirlər. Pandemiya insanların həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat şəraitindən müəyyən mənada ayrı qalıblar. Məhdudiyyətlər var, onlara yeniləri əlavə edilir. Lakin vətəndaş bilir ki, yeganə məqsəd insanları qorumaqdır. Biz bir daha əmin olduq ki, ölkə rəhbərliyi üçün insanların sağlamlığı həmişə birinci yerdə olub. Həm də tərəddüdsüz. Gün kimi aydındı ki, yoluxma başlayandan bəri Azərbaycan dövləti ciddi mövqe sərgiləyib. İki yol var idi – ya iqtisadiyyat xilas olacaqdı, ya da insanların sağlamlığı qorunacaqdı. İyunun 9 da modul tipli xəstəxanaların açılışında ölkə başçısı bunu bir daha bəyan etdi: “Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”. Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıb. Dövlət başçısı bildirdi ki, hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl, ən müasir xəstəxanalar ayrılıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dövlət başçısı vurğulayıb ki, dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalq naminə həyata keçirdikləri səmərəli tədbirlər nəticəsində COVID-19 virusuna qarşı önləyici tədbirlər alınır və koronavirusla mübarizənin bazası gücləndilirilir. Həmin gün ölkəmizdə modul tipli üç xəstəxana açıldı. Prezident hələ ötən ay modul tipli xəstəxana açılışında belə xəstəxanaların sayının 10-a çatmalı olduğunu vurğulamışdı. O, iyunun 9 da modul modul tipli xəstəxananın açılışı zamanı may ayında dediyi bu sözləri xatıraladaraq iyunun sonuna qədər qalan 6 xəstəxananın da istifadəyə veriləcəyi anonsunu verdi. Bəli, insanlarımız çox yaxşı bilir ki, İlham Əliyev siyasətinin əsasında Azərbaycan xalqı dayanır, bu siyasət vətəndaşların sağlamlığının qorunmasına, onların rifahının və həyat səviyyəsinin daha da yüksəldilməsinə, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artaraq güclənməsinə və dünyaya inteqrasiya olunmasına xidmət edir.
Babək Həsənov Azərbaycan Texnologiya Universitetinin Distant və qiyabi təhsil şöbəsinin müdiri