Azərbaycan Texnologiya Universitetinin Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin bir qrup müəllim və tələbəsinin Mingəçevir Tekstil MMC-yə ekskursiyası təşkil edilib.
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Şakir Əliyevin rəhbərliyi, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri Tofiq Mirzəyev, professor Cahangir Hacıyevin, eləcə də digər müəllimlərin iştirakı ilə baş tutan ekskursiyanın təşkilində məqsəd tələbələrin nəzəri biliklərini praktiki vərdişlərə çevirməkdən ibarətdir.
Ekskursiya zamanı tələbələr müəssisənin bölmələrini gəzərək emal və istehsalın bütün mərhələləri ilə əyani tanış olub, müvafiq fənn müəllimləri, mütəxəssislər və istehsalat ustaları ilə eyni anda görüşərək geniş fikir mübadiləsi aparıblar.
Ekskursiya çərçivəsində fabrikdə ATU Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbə seminarı da baş tutub. Seminarda prof. Cahangir Hacıyevin rəhbərliyi ilə Aysun Məmmədova və Cəvahir Mustafayeva, baş müəllim Hüsnü Kərimovun rəhbərliyi ilə isə Məryəm Atakişiyeva və Sayad Şükürova iplik istehsalı sahəsində müxtəlif mövzular üzrə çıxış ediblər.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə əlaqəlidir. İstehsalat mühitində keçirilən ekskursiyalar nəzəri biliklərin real proseslərlə əlaqələndirilməsinə imkan verir. Tələbələrin sənaye ilə birbaşa təması onların peşəkar dünyagörüşünü genişləndirir. Bu yanaşma praktik bacarıqların formalaşmasını və sənaye yönümlü təhsilin inkişafını dəstəkləyir.