Azərbaycan Texnologiya Universitetinin (ATU) 55 illik yubileyi çərçivəsində Gəncədə yerləşən Heydər Əliyev Parkında 55 çinar ağacı əkilib. Ağacəkmə aksiyası universitetin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin və Heydər Əliyev Park Kompleksinin dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, ATU-nun yaradılması vaxtilə — 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb və onun adı universitetin tarixində mühüm yer tutur. Məhz buna görə də, ATU-nun yubiley tədbirləri çərçivəsində Gəncədə Heydər Əliyevin əkdiyi çinar ağacının olduğu parkda yeni çinarların əkilməsi xüsusi rəmzi məna daşıyır. Bu təşəbbüs həm universitetin tarixinin əbədiləşdirilməsinə, həm də şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına töhfə vermək məqsədi daşıyır.