Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə universitetin müxtəlif vəzifələrdə çalışan bir qrup xanım əməkdaşı ilə görüşüb.
Görüş zamanı Y.Ömərov Azərbaycan qadınının ölkəmizdə və cəmiyyətdə rolundan, aktiv fəaliyyətindən danışıb. Bildirib ki, mərhəmət, xeyirxahlıq kimi yüksək bəşəri, zəngin mənəvi, əxlaqi dəyərlərə malik Azərbaycan qadını bu gün bütün sahələrdə uğurla təmsil olunur. Y.Ömərov qeyd edib ki, qələbəmizin qazanılmasında, ərazi bütövlüyümüzün bərpa olunmasında qadınlarımızın da özünəməxsus payı var. Çünki, məhz onların dünyaya gətirdiyi, böyüdüb boya-başa çatdırdığı, vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların qəhrəmanlığı, şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib.
Y.Ömərov görüşdə iştirak edən xanım əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, uzun ömür və can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb.