Azərbaycan Texnologiya Universiteti (ATU) və “Qərbi Azərbaycan İcması”nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin əvvəlində Qərbi Azərbaycanda toponimlərin ermənilər tərəfindən dəyişdirilməsindən bəhs edən videoçarx izlənilib. Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov çıxış edib, Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış siyasətindən danışıb. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında olan Qarabağ və Şərqi Zəngəzurun azad olunması təkcə torpaq azadlığı deyil, həm də Azərbaycanın gələcək siyasətinin yeni mərhələsi idi. İndi dövlətimizin əsas prioritetlərindən biri tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışı təmin etməkdir.

Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Adil Tağıyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qərbi Azərbaycan İcması Gəncə şəhər nümayəndəliyinin rəhbəri prof.Mübariz Yusifov, müavini Arifə Əhmədli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü prof. Bayram Apoyev, ATU-nun dosentləri – Qərbi Azərbaycan nümayəndəsi Zərdan Səmədov və Qərbi Azərbaycan İcmasının üzvü İrşad Abbasov çıxış edərək Ermənistanın Qərbi azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya siyasətindən, soydaşlarımıza qarşı törədilən vandalizm aktlarından, tarixi torpaqlarımızın adlarının dəyidirilməsindən danışıb, bu cür tədbirlərin keçirilməsində məqsədin məhz Qərbi Azərbaycan həsrəti ilə yaşayan azərbaycanlıların haqq səsini eşitdirməkdən, tarixi ədalətin bərpa ediləcəyi günün hər keçən gün daha da yaxınlaşdığını diqqətə çatdırmaqdan ibarət olduğunu bildiriblər.