Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidovun və Tədrisin təşkili və idarə olunması şöbəsinin müdiri Cəsarət Şabanovun təqdimatlarında müvafiq olaraq Apellyasiya Komissiyasının və qış imtahan sessiyasının hesabatı, strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Mehman Kərimovun təqdimatında Strateji İnkişaf Planının 2024-cü il üzrə hesabatı, eləcə də Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri Əhəd Nəbiyevin və Ətraf mühitin mühafizəsi kafedrasının müdiri Elşad Məmmədovun hesabatları dinlənilib.
Daha sonra Elmi fəaliyyətin təşkili və idarə olunması şöbəsinin müdiri Qalibə Məmmədovanın təqdimatı ilə universitetdə aparılan elmi işlərin nəticələri, Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramovun təqdimatı ilə doktorant və dissertantların attestasiya qaydalarının, mövzularının təsdiqi, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin təqdimatı ilə komissiyaların tərkibinin yenidən formalaşdırılması kimi məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.