Beynəlxalq əməkdaşlığı və təhsil mübadiləsini gücləndirmək məqsədi ilə Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov və strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri Mehman Kərimov Rumıniyanın İaşi Texniki Universitetində (TUIASI) strateji səfərdə olublar.
Akademik əlaqələrin gücləndirilməsi məqsədi daşıyan səfər transsərhəd təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar açıb.
Səfər zamanı rektor və müşavir TUIASI-nin rəhbərliyi və professor-müəllim heyəti ilə müzakirələr aparıb, onların qabaqcıl təhsil metodologiyaları və tədqiqat təcrübələri haqqında hərtərəfli məlumat əldə ediblər. Eyni zamanda universitetin Elektronika, telekommunikasiya və informasiya texnologiyaları fakültəsini, Avtomatik idarəetmə və kompüter mühəndisliyi fakültəsini, Maşınqayırma və sənayenin idarə edilməsi fakültəsini, Sənaye dizaynı və biznesin idarə edilməsi fakültəsini və Kitabxanasını ziyarət edib, texnologiyanın akademik kurikulumlara inteqrasiyasının əhəmiyyətini nəzərə alaraq universitetin maddi-texniki bazası, qabaqcıl laboratoriyaları ilə tanış olublar.