Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.
Elm və innovasiyalar üzrə prorektor v.m.ie., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidov əcnəbi tələbələrin qəbulu və hazırlıq qruplarında dərslərinin təşkili qaydalarını, Elmi katib Sevda Qurbanova 2024/2025-ci tədris ilinin ikinci yarımili üçün Elmi Şuranın iş planını müzakirə üçün təqdim edib.
Daha sonra Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Şakir Əliyevin hesabatı, Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramovun doktorant və dissertantların attestasiyasının nəticələri barədə çıxışı dinlənilib.
İclasda Azərbaycan Texnologiya Universitetinin 55 illik yubileyinin keçirilməsi, tədris vəsaitlərinin, fakültə əsasnamələrinin və digər məsələlərin müzakirəsi aparılaraq təsdiq edilib.
Elmi Şura çərçivəsində elmi-pedaqoji sahədə uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri v.m.i.e. Niyar Əmiraslanova 65 illik yubileyi, professoru Ələmdar Əlbəndov isə 85 illik yubileyi münasibəti ilə təltif edilib.