Azərbaycan Texnologiya Universitetində (ATU) "Açıq qapı” günü keçirilib. Qış imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər, rəhbər heyət və dekanlar iştirak edib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidov dəyirmi masa ətrafında imtahan prosesi, nəticələrin yoxlanması barədə məlumat veriblər. Bildiriblər ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. İmtahanların şəffaf keçirilməsi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi məqsədilə otaqlarda müşahidə kameraları, korpuslarda təklif və şikayətlər qutusu yerləşdirilib.
Daha sonra İmtahan komissiyasının sədri, Tədris şöbəsinin müdiri Cəsarət Şabanov monitor vasitəsilə real vaxt rejimində imtahan prosesini təqdim edib. İmtahanları canlı izləyən valideynlərə bildirib ki, 28 dekabr 2024-cü ildən başlayan imtahanlar test və yazılı qaydada qrafik üzrə həyata keçirilir, tələbəyə yazılı imtahanlarda 3 saat, test imtahanında isə 1 saat vaxt verilir, nəticələr xüsusi kodlaşdırma otağında yoxlanılır, Apellyasiya Komissiyasına daxil olan müraciətlərə yerində baxılaraq obyektiv qərar verilir.
Valideynlər neqativ halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini yüksək qiymətləndirib, tələbələrin biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində qış imtahan sessiyası 3 fevraladək davam edəcək.