Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və digər rəhbər şəxslər Bakı-Qroznı aviareysini həyata keçirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan Texnologiya Universitetinin tələbəsi Toğrul Cəfərovu ziyarət edib.
Ziyarət zamanı rektor hadisə baş verdiyi vaxtdan ATU kollektivinin Toğrulun vəziyyətini daim izlədiyini, onun timsalında faciədən sağ çıxan bütün yaralıların şəfa tapması üçün dualar edildiyini deyib, təhqiqat prosesinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqətində olduğunu vurğulayaraq ədalətin bərqərar olacağına, faciə səbəbkarlarının cəzalandırılacağına inandığını qeyd edib, qəzada həlak olanlara Allahdan rəhmət diləyib.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın J2-8244 nömrəli Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər, o cümlədən üç ekipaj üzvü həlak olub, 29 nəfər isə sağ qalıb.