Azərbaycan Texnologiya Universitetində (ATU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və ilin yekunlarına həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin, eləcə də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni 2025-ci il münasibəti ilə təbrik edib. Rektor əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan həmrəylik tarixindən, geridə qoymaq üzrə olduğumuz ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edib, cənab Prezidentin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayaraq növbəti ildə daha çox uğurlara imza atılacağına əminlik ifadə edib. Y.Ömərov çıxışında ATU-da 2024-cü il ərzində elm, tədris və digər sahələrdə görülmüş işlərdən danışıb, yeni il üzrə hədəfləri diqqətə çatdırıb.

Daha sonra Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri prof. Əhəd Nəbiyev və Elmi fəaliyyətin təşkili və idarə edilməsi şöbəsinin müdiri Qalibə Məmmədova çıxış edərək dünya azərbaycanlılarının həmrəylik tarixindən, bu tarixin yaranmasında Ümummilli lider Heydər Əliyevin rolundan danışıblar. 

Tədbir çərçivəsində “İlin müəllimi” nominasiyasının qalibləri elan edilərək rektor tərəfindən təltif olunublar. Tələbələr arasında keçirilmiş sorğunun nəticələrinə əsasən Qida mühəndisliyi fakültəsindən Mehriban Aslanova, Yüngül sənaye mühəndisliyi və logistika fakültəsindən Mobil Qarayev, İqtisadiyyat və idarəetmə fakültəsindən Mehriban Tağıyeva, Avtomatika, telekommunikasiya və informatika fakültəsindən isə Aida Məmmədova “İlin müəllimi” seçilib.