Azərbaycan Texnologiya Universiteti (ATU), FHN-in Gəncə Regional Mərkəzi və FHN-in Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirib.
“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusuna həsr edilmiş tədbir müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə nail olmaq məqsədilə təşkil edilib.
Tədbiri giriş sözü ilə açan ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq sözü FHN-nin Gəncə Regional Mərkəzinin sektor müdiri Elnur İmanova verib. E. İmanov “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?” mövzusu ilə çıxış edib.
Sonra qurum əməkdaşları "Sel və daşqınlar zamanı davranış qaydaları”, “Od söndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı təhlükəsi”, “112” qaynar xətti” mövzularında çıxışlar edib, mövzulara dair videoçarxlar nümayiş olunub.