Azərbaycan Texnologiya Universiteti (ATU) və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə QİÇS-ə qarşı mübarizə mövzusunda tədbir keçirilib. 

ATU tələbələrinin iştirakı ilə keçirilən maarifləndirici tədbir 1 dekabr QİÇS ilə Mübarizə Günü çərçivəsində baş tutub.

Tədbirdə ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov bildirib ki, tədbir insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq, tələbələri sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədilə təşkil olunub.

Daha sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının müdiri Ülkər Qurbanova çıxış edib, QİÇS/İİV infeksiyası ilə mübarizə sahəsində ölkədə həyata keçirilən tədbirlər haqqında məlumat verib, tələbələri xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinə və müalicəsinə dair maarifləndirib.

İştirakçılara QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən nəşr olunan İİV/QİÇS-ə aid broşür və bukletlər təqdim edilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən ödənişsiz müayinələr keçirilib.