Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda elm və innovasiyalar üzrə prorektor əvəzi, elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidovun təqdimatı əsasında elmi-pedaqoji fəaliyyətlər üzrə reytinqlərin hesablanması meyarlarına yenidən baxılıb. Ardınca tədris şöbəsinin müdiri Cəsarət Şabanov qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələrə dair məruzə ilə çıxış edib.
Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənovun, Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı Rövşən Hacıyevin, Keyfiyyətin təminatı şöbəsinin müdiri v.m.i.e. Mətləb Əliyevin hesabatı dinlənilib, həmçinin gündəlikdə duran müxtəlif məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
İclas çərçivəsində bir qrup əməkdaş - Ümumi və tətbiqi fizika kafedrasının baş müəllimi Zakir Xələfov,
Maşın mühəndisliyi və logistika kafedrasının baş müəllimi İlham Qədimov, İdarəetmə kafedrasının baş müəllimi Rizvan Məcidov və Kompyuter mühəndisliyi və telekommunikasiya kafedrasının baş müəllimi Nəhayət Sadıxova yubileyləri münasibəti ilə təltif ediliblər.