Azərbaycan Texnologiya Universitetində (ATU) 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak edib.
Tədbirdən öncə universitetin həyətində ATU-nun şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Sonra fəxri qonaqlar və ATU kollektivi üçün “44 Gün, 44 An” adlı sənədli film nümayiş etdirilib. 40 dəqiqə davam edən film zalda duyğulu anlar yaşadıb.
Daha sonra ATU-nun prorektoru Şahmar Həsənov, universitetin şəhid məzunu Elməddin Nəsibovun atası Süleyman Nəsibov, müəllimi İsa Əhmədov, qazi magistr Gündüz Abdullayev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qüdrətindən, mübariz əsgər və zabitlərdən, şəhid və qazilərin misilsiz qəhrəmanlıqlarından, o cümlədən ATU-nun Vətən Müharibəsinə qoşulan şəhid məzun və tələbələrindən danışıblar.
Sonda tələbə Turanə Bədəlovanın ifasında "Salam şəhid anası" adlı şeir səsləndirilib.