Azəbaycan Texnologiya Universiteti Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumunda təmsil olunub
Cari ilin 25-26 sentyabr tarixlərində Lomonosov adına Moskva Dövlət Universitetində
Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilib.
Forumda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universitetinin rəhbərləri ilə yanaşı Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov, eləcə də Rusiyanın aparıcı universitetlərinin rəhbərləri iştirak edib.
70-dən çox ali təhsil müəssisəsinin təmsil olunduğu forumda müvafiq dövlət qurumlarının, Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının elmlər akademiyalarının nümayəndələri təbrik və məruzələrlə çıxış ediblər.
Forum çərçivəsində sessiyalar və ekspert görüşləri keçirilib, Azərbaycan və Rusiyanın ali təhsil və elm müəssisələri arasında birbaşa əlaqələrin inkişafı, elm sahəsində əməkdaşlığın əsas istiqamətləri, təhsil müəssisələri və özəl sektor arasında əməkdaşlığın həyata keçirilməsi imkanları və digər məsələlər müzakirə edilib.
Forum çərçivəsində həmçinin Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının iclası keçirilib, Lomonosov adına Moskva Dövlət Universitetinə və Rusiya Ali İqtisad Məktəbinə səfərlər təşkil olunub.