Azərbaycan Texnologiya Universitetinin (ATU) tərəfdaş olduğu, Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC ) koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində İsveçə təcrübə səfəri baş tutub.

Səfərdə Azərbaycan Texnologiya Universitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova təmsil edib.

Səfər çərçivəsində KTH Kral Texnologiya İnstitutunda enerji texnologiyası, ətraf mühitin dayanıqlılığı və ali təhsilin müxtəlif aspektlərinə həsr edilmiş bir sıra tədbirlər və seminarlar keçirilib. Həmçinin Azərbaycanın COP29-a sədrlik etməsinin əhəmiyyəti haqqında müzakirə sessiyası 
təşkil olunub.

Səfər müddətində yerli tərəfdaş nümayəndə heyəti üçün KTH-nin Enerji Texnologiyaları Departamentinin fəaliyyətinə dair təqdimat keçirilib. Səfər iştirakçıları dayanıqlı enerji mühəndisliyinə həsr olunmuş laboratoriyaları gəzib, innovativ texnologiyalar və davamlı təcrübələri, enerji və iqlim dəyişikliyi sahəsində əməkdaşlıq fəaliyyətləri ilə tanış olublar. 

Təcrübə səfərinin yekununda REFRESH layihəsinin menecment görüşü baş tutub, növbəti mərhələlər və görüləcək işlər müzakirə olunub.