Azərbaycan Texnologiya Universitetində (ATU) "Açıq qapı” günü keçirilib. Yay imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər iştirak edib.
Tədris işləri üzrə prorektor Raqif Hüseynov və İmtahan komissiyasının sədri Cəsarət Şabanov dəyirmi masa ətrafında imtahan prosesi barədə məlumat veriblər.
Bildirilib ki, imtahanlar test və yazılı qaydada həyata keçirilir, imtahanların şəffaf keçirilməsi məqsədilə otaqlarda müşahidə kameraları yerləşdirilib, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusunun yerləşdirildiyi, imtahan nəticələrinin xüsusi kodlaşdırma otağında yoxlanıldığı qeyd olunub.
Valideynlər neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndirib, biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi ilə bağlı tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində yay imtahan sessiyasına 3 iyunda start verilib. Proses 5 iyuladək davam edəcək.