Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Basketbol Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş region ali təhsil müəssisələrinin tələbələri arasında basketbol turniri keçirilib. 

Gəncə Olimpiya İdman Kompleksində baş tutan turnirə ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov və bir qrup rəhbər heyət, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov və digər əməkdaşları, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəsmiləri və tələbələr azarkeşlik edib. 

Yarışın birinci dövrəsində ATU ilə Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri, eyni zamanda GDU tələbələri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri qarşılaşıb. 

Final mərhələsində ATU və GDU komandaları görüşüb. Gərgin mübarizənin sonunda ATU tələbələri kuboka sahib olaraq yarışın birincisi olub. 

Yarışda ikinci yerdə GDU, üçüncü yerdə ADAU, dördüncü yerdə MDU komandası qərarlaşıb. 

Sonda yarış iştirakçıları kubok və hədiyyələrlə təltif ediliblər. 

Azərbaycan Texnologiya Universiteti olaraq yarışın təşkilində göstərdikləri dəstəyə görə Azərbaycan Basketbol Federasiyasına, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə və yarışın sponsoru “Azərsun Holdinq”in rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.