Azərbaycan Texnologiya Universitetinin (UTECA) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə hazırlanan nizamnamə rektorların müzakirəsinə təqdim edilib.

Azərbaycan Respublikasının Təhsil nazirinin müavini İdris İsayevin rəhbərliyi və layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə keçirilən görüşdə UTECA-nı tədris işləri üzrə prorektor Yaşar Ömərov  təmsil edib.

Əvvəlcə layihənin koordinatoru Gülşən Bayramova Azərbaycanda Rektorlar konfransının icra vəziyyəti haqqında təqdimatla çıxış edib. Hazırlanmış nizamnamənin layihəsi müzakirə edilib, tərəfdaş universitetlərin rektor və prorektorlarının təklif və tövsiyələri dinlənilib.  

Daha sonra layihə çərçivəsində növbəti mərhələdə görüləcək işlər və müxtəlif Avropa ölkələrinin Rektorlar konfranslarının müsbət təcrübələrinin öyrənilməsi ilə bağlı geniş müzakirələr aparılıb.