Rektor: Xocalı faciəsi ən qəddar terror aktlarından biridir Azərbaycan Texnologiya Universitetində Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib. Dövlət himni səsləndirildikdən sonra faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, professor Akif Süleymanov çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu söyləyib. Qeyd edib ki, 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu faciə zamanı 613 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, əksəriyyəti yaşlılar, qadın və uşaqlar olmaqla 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum deyil. Rektor Xocalı faciəsinə hüquqi və siyasi qiymətin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir və artıq dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Ermənistanı işğalçı dövlət kimi tanıyır. Rektor Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsini xatırladaraq, bu görüşdə dövlətimizin başçısının qətiyyətli çıxışından bəhs edib. Bildirib ki, həmin görüşdə Prezident İlham Əliyev N.Paşinyana hadisənin reallıqları ilə bağlı əsaslı cavab verib, Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Akif Süleymanov işğal olunmuş torpaqlarımızın azad edilməsi, Xocalı soyqırımı günahkarlarının beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü işlərdən danışaraq, bu tədbirlərin yaxın zamanda öz nəticəsini verəcəyinə əminliyini ifadə edib. Əlavə edib ki, Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsi ölkəmizin hərbi potensialının yüksək səviyyədə olmasının göstəricisidir. Tədbirdə dossent Hüseyn Budaqov və Xocalı sakini olan UTECA tələbəsi Qalib Quliyev çıxış edərək Xocalı soyqırımının XX əsrin ən qanlı faciələrindən olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən genişmiqyaslı işlər həyata keçirilir. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılır. 549 dəfə oxunub