Azərbaycan Texnologiya Universitetində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə açıq elan olunan tədbirdə soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov çıxış edərək bildirib ki, martın 31-i Azərbaycan tarixində unudulmayan, qan yaddaşımızdan silinməyən izlər buraxıb. Soyqırım ən ağır beynəlxalq cinayət, sülh, insanlıq əleyhinə yönəlmiş terrordur.
Tədbirdə İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Zəminə Novruzova “Mart soyqırımları ədəbiyyatda”, Mehriban Tağıyeva “Tarixin yaddaşından silinməyən soyqırım”, Mətanət Mustafayeva “Mart soyqırımları dövrün milli mətbuat səhifələrində”, Qida mühəndisliyi fakültəsinin IV kurs tələbəsi Namiq Muradov "Soyqırımı gənclərin yaddaşında" başlıqlı məruzələrlə çıxış ediblər.
Müəllim və tələbələrin çıxışlarında 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsindən, nəticədə 12 minə yaxın azərbaycanlının amansızcasına öldürülməsindən, on minlərlə insanın itkin düşməsindən danışılıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalayıb. Nitqlərdə Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası xəttinin əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda 31 mart soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib.