Keyfiyyət siyasətimiz

Beynəlxalq keyfiyyət standartlarının tətbiq edilməsinin vacibliyini və prioritetliyini, o cümlədən dövlətin və cəmiyyətin tələbatına uyğun olaraq təhsilin davamlı təkmilləşdirilməsinin zəruriliyini nəzərə alaraq, Azərbaycan Texnologiya Universiteti (ATU) keyfiyyət sahəsində bu siyasətlə müəyyənləşdirilmiş prinsip və istiqamətlərə əsaslanır.

ATU-nun keyfiyyət üzrə siyasəti universitetin strateji inkişaf planının hədəflərinə uyğun olmaqla, təhsilin keyfiyyətinin təmin olunmasına və fasiləsiz inkişafına yönəlmişdir. Bu siyasət universitetdə həyata keçirilən fəaliyyətlərin Boloniya prosesinin müddəalarına, Azərbaycan Respublikasının Ömürboyu Təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinə, həmçinin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara əsaslanır.

Strateji hədəflərə nail olunması aşağıdakı istiqamətlərin icrası vasitəsilə təmin edilir:

  1. Tədris proqramlarının hazırlanmasında müasir tədris texnologiyalarından istifadənin nəzərə alınması;

  2. Tədris edilən ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi;

  3. Tədris və sosial fəaliyyətlərin yetərli maddi-texniki baza ilə təmin olunması;

  4. Universitetin müxtəlif fəaliyyət sahələrinin (tədris, inzibati, kitabxana və s.) idarə olunmasında kompleksliliyi təmin etmək məqsədilə informasiya texnologiyalarından geniş istifadə edilməsi;

  5. Kadr hazırlığının ölkə və beynəlxalq akademik tədris standartları əsasında həyata keçirilməsi;

  6. Tədris prosesinin keyfiyyətinə nəzarət və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi;

  7. Keyfiyyətin idarəetmə sistemini dərinləşdirmək məqsədilə professor-müəllim və tələbə heyətinin tədrisin keyfiyyətinin yüksəldilməsi prosesinə cəlb edilməsi;

  8. Tədris prosesinin elmi və istehsalat sahələri ilə inteqrasiyasının və əməkdaşlıq fəaliyyətlərinin dərinləşdirilməsi;

  9. Əmək bazarında nüfuzlu və zəmanətli tərəfdaş kimi mövqe nümayiş etdirilməsi;

  10. Müəllimyönümlü təhsil sistemindən tələbəyönümlü təhsil sisteminə keçidin təmin edilməsi;

  11. Elmi-tədqiqat sahələrində beynəlxalq əlaqələrin inkişafı üzrə fəaliyyətlərin daim genişləndirilməsi;

  12. Beynəlxalq proqramlar çərçivəsində universitetlərarası müəllim və tələbə mübadiləsinin fəal şəkildə həyata keçirilməsi;

  13. Maddi və mənəvi stimullaşdırma sistemlərinin təkmilləşdirilməsi əsasında müəllim və əməkdaşların iş məmnunluğunun artırılması;

  14. Yeni tədris texnologiyalarının və elmi tədqiqatların nəticələrinin tətbiqi üçün münbit şəraitin yaradılması;

  15. Struktur vahidlərində və tələbələr arasında özünütəşkil və özünüidarə proseslərinin təşviq edilməsi.

Universitetin keyfiyyət təminatı sahəsindəki siyasəti onun rolunu və əsas dəyərlərini əks etdirən inkişaf strategiyasının tərkib hissəsidir. Bununla əlaqədar, universitetin bütün struktur bölmələri keyfiyyətin təminatı sisteminin tələblərini öz fəaliyyətlərində rəhbər tuturlar.

Universitetin Keyfiyyətin Təminatı sahəsində siyasətinə aşağıdakılar daxildir:

  • Keyfiyyətin təminatı sisteminin beynəlxalq standartların tələblərinə uyğun olaraq təkmilləşdirilməsi;

  • Keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə rəhbərlik tərəfindən mütəmadi təhlillərin aparılması;

  • Qarşıda duran strateji vəzifə və hədəflərə nail olmaq üçün qabaqcıl beynəlxalq təcrübədən bəhrələnməklə, keyfiyyətli kadr və tələbə potensialının inkişafının təmin edilməsi;

  • Tədris fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və onların müasir bacarıqlara yiyələnməsinin təmin edilməsi.

Bu siyasətin reallaşdırılması aşağıdakı prinsiplərə əsaslanır:

  • Elmi əsaslandırılmış, beynəlxalq standart və tələblərə uyğunlaşdırılmış metodologiyanın tətbiqi;

  • ATU-nun məqsəd və məramlarına təsir göstərən daxili (dəyər, mədəniyyət, bilik və s.) və xarici (texnoloji, hüquqi, sosial və s.) amillərin diqqətdə saxlanılması;

     

  • Hər bir prosesin planlaşdırılması zamanı risklərin müəyyənləşdirilməsi və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi;

     

  • Təhsilin keyfiyyətinin beynəlxalq keyfiyyət meyarlarına uyğunluğunun müntəzəm olaraq yoxlanılması;

  • Statistik proseslərin keyfiyyətinin yüksəldilməsi;

  • Planlaşdırılmış nəticələrin səmərəli əldə olunması üçün hər bir fəaliyyətin və resursların idarə edilməsində mərhələli yanaşmadan istifadə edilməsi.

Keyfiyyət təminatı şöbəsi işçi heyətinin aşağıdakı meyarlar üzrə təminatına və inkişafına məsuliyyət daşıyır:

  • Azərbaycan Respublikasının qanunvericiliyi və normativ hüquqi aktlarla bağlı məlumatlılığın artırılması;

  • Bilik və bacarıqların yüksəldilməsi məqsədilə mütəmadi olaraq təlimatlandırılmanın aparılması;

  • Cari dövr üçün keyfiyyətin təminatı sahəsindəki siyasət və məqsədlərin mənimsənilməsi;

  • Zəruri peşəkar hazırlığa yiyələnmə imkanlarının yaradılması;

  • Keyfiyyətli metodoloji və təlimatlandırıcı sənədlərlə təminat;

  • İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün müvafiq proqram vasitələri, kompüter texnikası və digər zəruri avadanlıqlarla təchizat;

  • Qarşılıqlı əlaqələrin səmimilik, etibarlılıq və problemlərin birgə həll edilməsi prinsipi əsasında qurulması;

  • Rəhbərlik tərəfindən müəyyənləşdirilmiş bütün tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

  • Keyfiyyət sahəsində mövcud biliklərin yenilənməsi və inkişaf etdirilməsi.

Keyfiyyət üzrə siyasət universitet strategiyasının ayrılmaz hissəsidir və təhsil fəaliyyətinin planlaşdırılmasının əsasını təşkil edir. Keyfiyyət təminatı şöbəsi qeyd edilən prinsiplərə şərtsiz əməl edir, keyfiyyətin idarə edilməsi sisteminin təhlil edilməsi və səmərəliliyinin daim artırılması üçün tam məsuliyyət daşıyır.