Kitabxana İnformasiya Mərkəzi haqqında
Azərbaycan Texnologiya Universitetinin Kitabxana İnformasiya Mərkəzi (KİM) 1970-ci ildə yaradılıb və universitetin tədrisə köməkçi şöbələrindən biridir.
KİM-in ümumi sahəsi 834 kv.m-dir. Kitabxanada tələbələr və professor-müəllim heyəti üçün ümumi sahəsi 221 kv.m olan oxu zalları fəaliyyət göstərir. Həmçinin internetə çıxışı olan internet zalı da var.
KİM-in fondunda 208459 çap vahidi var. Bunların 63303 nüsxəsi Azərbaycan dilində,145156 nüsxəsi rus dilində, o cümlədən 9878 nüsxəsi latın qrafikalı ədəbiyyatdır.
Kitabxananın fondunda həmçinin patent ədəbiyyatı, jurnallar, nadir nüsxə sayılan kitablar da vardır.
Kitabxana fondlarının idarəetmə səmərəliliyini kataloqsuz təsəvvür etmək mümkün deyil. Bu üsul oxucuların fonddan müstəqil kitabseçmə əməliyyatına əsaslanır. KİM-də olan latın qrafikalı Azərbaycan dilində ədəbiyyat fondunun kataloq sistemi yeni UOT (Universal onluq təsnifat) üzrə işlənmişdir.
I. Ümumi qaydalar
1.1. Kitabxanadan professor-müəllim heyəti, elmi işçilər, doktorantlar, magistr və bakalavrlar, universitetin bütün əməkdaşları, hazırlıq kursunun müdavimləri, başqa tədris müəssisələrinin tələbələri, magistrləri, doktorantları və elmi işçiləri, həmçinin kənar şəxslər istifadə edə bilərlər. Kənar oxuculara ancaq oxu zallarında xidmət olunur.
1.2. Kitabxananın oxucularına kitablar, jurnallar, qəzetlər, mühazirə mətnləri, elektron resurslar və başqa materiallar istifadəyə verilir. Ədəbiyyatın verilişi oxu zallarında və abonomentdə aparılır. Kitabxanada olmayan nəşrlər oxucunun xahişi ilə başqa kitabxanalardan alınır və oxu zallarında istifadə olunur.
1.3. Kitabxanaya yazılış oxucuların kateqoriyasından asılı olaraq şəxsiyyət vəsiqəsi təqdim etməklə aparılır. Tələbə bileti əsasında kitabxana daimi oxucu bileti verir. Başqa tədris müəssisələrinin oxucularına həmin sənədlər əsasında müvəqqəti oxucu bileti bir illik istifadə müddətinə verilir.
1.4. Kitabxana hər il oxucuların qeydiyyatını aparır. Oxucu qeydiyyat zamanı adında olan bütün ədəbiyyatı təhvil verməlidir, qeydiyyatdan sonra aldığı kitabları geri götürə bilər. Oxucular yay tətilinə getməzdən qabaq adlarında olan bütün kitabları təhvil verməlidir.
1.5. Kitabxanadan istifadəni dayandırdıqda, oxucu bu barədə kitabxanaya xəbər verməli və adında olan bütün kitabları təhvil verməlidir.
1.6. İşini və yaxud təhsilini dəyişdiyi halda oxucu 10 gün müddətində kitabxanaya xəbər verməlidir.
II. Ədəbiyyatdan istifadə qaydaları
A - Abonomentdə
2.1. Elmi ədəbiyyat oxuculara bir illik müddətində aşağıdakı miqdarda verilir:
· Professorlara, müəllimlərə, elmi işçilərə və doktorantlara 15, yuxarı kurs tələbələrinə və magistrlərə 10, qalan oxuculara 5 cildə qədər, tələbə elmi cəmiyyətinin üzvlərinə əlavə 10, diplomçulara əlavə 5 cildə qədər.
· Tədris ədəbiyyatı15 kitabdan çox olmamaqla bir semestr üçün verilir.
· Bədii ədəbiyyat 15 gün müddətində 2 kitabdan çox olmamaq şərti ilə verilir.
· İstehsalat təcrübəsinə gedən tələbələrə kitab fondunun vəziyyətindən asılı olaraq bütün təcrübə müddətinə verilir.
· Bir nüsxədə olan nəşrlərin evə verilməsi direktor tərəfindən təyin edilir.
2.2. Köməkçi fondda olan kitablar, nadir qiymətli əlyazmalar, məlumat xarakterli nəşrlər, dissertasiyalar, avtoreferatlar, referativ jurnallar, qəzetlər və kitabxanalararası abonomentlə alınan kitablar evə verilmir.
2.3. Əgər kitab təyin olunmuş vaxtdan çox saxlanarsa, oxucu 1 ay müddətinə kitabxanadan istifadə etməkdən məhrum edilir, əgər bu hal təkrar olunarsa, oxucu 2 ay müddətində kitabxanadan istifadə etməkdən məhrum edilir.
2.4. Kitabxanalararası abonomentlə alınan kitabın istifadə müddəti göndərilmə vaxtı nəzərə alınmaqla bir aydır.
B - Oxu zallarında
2.5. Əsas kitab saxlayıcılardan oxu zalına verilmiş ədəbiyyat oxucuya ona lazım olan müddətə verilə bilər. Əgər oxucu tələbə və aspirantdırsa, 5 gün müddətində, elmi işçi olduğu halda isə 10 gün müddətinə oxu zalında ona təhkim olunmuş kitab üçün müraciət etməsə, həmin kitablar saxlayıcıya qaytarılır. İmtahan sessiyasına gələn qiyabi təhsil alan tələbələrə ədəbiyyat bütün sessiya müddəti üçün verilə bilər.
2.6. Oxu zalından kitabın çıxarılması qadağandır. Əgər oxucu uzun müddətə oxu zalını tərk edirsə, onda kitabları növbətçi kitabxanaçıya təhvil verməlidir.
2.7. Oxu zallarında oxucular ədəbiyyatdan kitabxana tərəfindən təsdiq edilmiş xüsusi qaydalar əsasında istifadə etməlidir.
III. Oxucu bilməlidir
3.1. Oxucu kitabxanadan aldığı kitablara və başqa çap əsərlərinə qayğı ilə yanaşmalıdır.
3.2. Oxucu kitabı aldıqda yoxlayaraq mövcud nöqsanları növbətçi kitabxanaçıya deməlidir, əks halda kitabın korlanmasında oxucu məsuliyyət daşıyır.
3.3. Kitabı yazmağa, vərəqi qatlamağa, cırmağa, illüstrasiyaların kalka vasitəsilə surətini çıxarmağa icazə verilmir.
3.4. Kitabxananın fonduna ziyan vuran qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Kitabxananın fondundakı kitabları, digər mətbuat əsərlərini və başqa materialları itirmiş və yaxud onlara ziyan vuran oxucular onları müvafiq olaraq eyni mətbuat əsərləri və materiallar ilə, yaxud kitabxananın bərabər dəyərli hesab etdiyi əsərlərlə əvəz etməli, bu cür əvəzetmə mümkün olmadıqda isə onların müəyyən olunmuş qaydada təyin edilən dəyərinin on mislini ödəməyə borcludur.
Əməkdaşlar:
1. Alimə Mustafa qızı Qurbanova – direktor
2. Şahnaz İlyas qızı Mirzəyeva – direktor müavini
3. Alim Hüseynqulu oğlu Hüseynov – xidmət şöbəsinin müdiri
4. Mahirə Ərşad qızı Xəlilova – komplektləşdirmə və fondun təşkili şöbəsinin müdiri
5. Elnarə İsmayıl qızı İslamova – aparıcı biblioqraf
6. Aynur Rəsul qızı Qocayeva – biblioqraf
7. Almas Heydər qızı Fərzəliyeva – kitabxanaçı
8. Ruhiyyə Alyoş qızı Əliyeva – kitabxanaçı
9. Mətanət Malik qızı Zeynalova – kitabxanaçı
10. Aybəniz İsgəndər qızı Əliyeva – kompüter operatoru
11. Tahirə Xansuvar qızı Qasımova – korrektor