Ülviyyə Duman qızı Məmmədova 07 may 1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin regionşünaslıq (Koreya üzrə) ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2010-cu ildə Cənubi Koreyanın Deajeon şəhərində yerləşən Phai Chai Universitetində tələbə mobilliyi proqramında iştirak edib. Həmin il həmçinin Seongnam şəhərində Koreya Araşdırmaları Akademiyası tərəfindən keçirilən mədəniyyət mübadiləsi proqramına qatılıb. Cənubi Koreyanın aparıcı universitetlərindən biri olan Yonsei Universitetində magistr təhsili almaq üçün Koreya Hökumətinin Təqaüdü proqramına layiq görülüb. Yonsei Universitetində təhsilə başlamazdan əvvəl Cənubi Koreyanın İncheon şəhərində yerləşən İnha Universitetində Dil hazırlığı kursunda iştirak edib. 2015-ci ildə Yonsei Universitetinin magistratura pilləsində təhsilini başa vurub. Həmin dövr ərzində bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Təhsil aldığı müddətdə beynəlxalq komandaları idarə etmək və onlarla işləmək ona beynəlxalq layihələrin idarə edilməsinin prinsip və metodları, eyni zamanda riskləri idarə etmək və komanda mühiti yaratmaq barədə təcrübə qazandırıb.
2010/2011-ci illərdə KOTRA – Koreya Ticarət İnvestisiyaların Təşviqi Agentliyində, 2011/12-ci illərdə isə Koreyanın "Securo Co Ltd" şirkətində işləyib. 2012/2015-ci illərdə Azərbaycan-Koreya tərəfdaşlıq sahələri ilə bağlı müxtəlif təşkilatlarla çalışıb və çoxsaylı beynəlxalq layihələrdə iştirak edib, layihələrin idarə edilməsi və komanda koordinasiyası sahəsində təcrübə qazanıb, ingilis, koreya və türk dillərini mükəmməl, rus dilini isə yaxşı bilir. 2016-cı ilin fevral ayından Azərbaycan Texnologiya Universitetinin Xarici əlaqələr şöbəsində fəaliyyətə başlayıb və 2020-ci ilin sentyabr ayından Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.