Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı çərçivəsində 13 may 2025-ci il tarixində baş tutacaq Karyera Təlimləri ölkənin nüfuzlu şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Kapital Bank ASC-nin İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova, “Azersun Holding”in Təşkilati inkişaf və istedadların idarə edilməsi şöbəsinin müdiri Səadət Əliyeva və “AzerGold” QSC-nin İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədov son buraxılış kursu tələbələrimizlə düzgün karyera seçimi və müsahibə mərhələsində uğur qazanma yolları mövzusunda praktiki biliklərini bölüşəcəklər.
Qeyd edək ki, ATU-da Karyera Festivalı çərçivəsində eyni tarixdə dövlət və özəl sektorların iştirakı ilə Əmək yarmarkası da keçiriləcək. Məzun olmağa hazırlaşan tələbələr mövcud vakansiyalarla tanış olacaq, təcrübə proqramları barədə birbaşa məlumat alacaq, potensial işəgötürənlərlə yerində ünsiyyət quraraq müraciət imkanları əldə edəcəklər.