Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da 3D printerlə işləmə təlimi keçirilib

Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 3D printerlə işləmə təlimi keçirilib.
Təlimçilər qismində İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, mərkəzin əməkdaşları Tural Rüstəmov və Aqşin Hüseynov çıxış edib.
Təlimdə tələbələrə 3D printerin iş prinsipi, material növləri, printerin funksiyaları və istifadə, model və ya prototiplərin yaradılması qaydaları izah edilib, mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.

ATU-nun təşkilatçılığı ilə “Əzm Marafonu” təşkil edilib

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı (ATU), Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Gəncə Gənclər Evinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş "Əzm Marafonu 2" yarışı keçirilib.

Marafonda Gəncə şəhərinin ali və orta ixtisas təhsili, eləcə də idman məktəblərinin tələbələri və şagirdləri iştirak edib.

Yarışçılar əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini dinləyib, ardınca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov çıxış edib, marafonun ötən ildən start götürdüyünü, ənənəvi olaraq hər il təşkil ediləcəyini qeyd edib. YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov da çıxış edərək yarışçılara uğurlar arzu ediblər.

Marafon Gənclər Evinin önündən start götürüb, finiş xətti Zəfər Tağında yerləşib. 500 nəfərin qatıldığı yarışda birinci, ikinci və üçüncü yeri tutan qalib qızlar və oğlanlar mükafatlandırılıblar.

 

Beynəlxalq konfransın plenar iclasının məruzəçiləri təltif edilib

 
Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov ATU-nun təşkilatçılığı ilə baş tutan, Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfransın plenar iclasının xarici və yerli məruzəçiləri ilə görüşüb.
Görüş zamanı Y.Ömərov uğurlu çıxışlarına və konfransın işinə töhfə verdiklərinə görə məruzəçilərə təşəkkür edib, elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb, xüsusi sertifikatlarla təltif edib.
Qeyd edək ki, 6-7 may tarixlərində 15 ölkənin iştirakı ilə baş tutan Beynəlxalq Elmi-Praktik Konfransın plenar iclasında İspaniyanın Qranada Universitetinin Genetika kafedrasının professoru Federiko Zurita Martinez “CRISPR-Cas9. İnsan xəstəliklərinin müalicəsi üçün molekulyar qayçı”, Türkiyənin Atatürk Universitetinin dosenti İlhan Volkan Öner “Tullantıların alternativ enerjinin alınmasında tətbiqi”, Bolu Abant İzzet Baysal Universitetinin professoru Himmet Karadal “Türk dünyasında innovasiyaların və sahibkarlığın inkişafı”, ATU-nun Ümumi və tətbiqi fizika kafedrasının müdiri professor Məntiq Cəfərov “Elm, texnologiya və innovasiya üçbucağı davamlı inkişafın hərəkətverici qüvvəsi kimi”, ATU-nun doktorantı Kamran Qasımov isə “Müasir dünyada süni intellektin rolu” başlıqlı məruzələrlə çıxış ediblər.


ATU tələbələrinin istehsalat təcrübəsi davam edir

Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələrinin istehsalat təcrübəsi davam edir.
2023/2024-cü tədris ilinin yaz semestrində ATU-nun 210 tələbəsi istehsalat təcrübəsinə cəlb olunub.
Hazırda tələbələrimiz 1 və 2 saylı Gəncə “Asan xidmət” mərkəzləri, Azərbaycan Dəmir Yolları QSC-nin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional bölmələri, Azəralüminium, Gəncə Cihazqayırma zavodları, Gəncə Tekstil, Neon fabrikləri, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Regional Turizm İdarəsi, Telekommunikasiya İdarələri, Kəpəz Televiziyası, qabaqcıl bankların filialları, tanınmış otellər olmaqla ümumilikdə 26 müəssisədə istehsalat təcrübəsi keçir. 16 fevral tarixindən start verilmiş istehsalat təcrübəsi may ayının sonunadək davam edəcəkdir.
Qeyd edək ki, tələbələrin istehsalat təcrübəsi dövrünün səmərəli və effektiv təşkili üçün universitet müasir tələblərə cavab verən müəssisələrlə daim yeni əlaqələr qurur, əməkdaşlıq imkanlarını genişləndirir.

Beynəlxalq Elmi-Praktik Konfrans 11 bölmədə öz işini davam etdirib

Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə baş tutan Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfrans 11 bölmədə öz işini davam etdirib.

Bölmələrə ATU-nun alimləri ilə yanaşı xarici universitetlərin elm adamları həmsədrlik edib.

Konfransa 15 ölkə olmaqla 68 xarici, 15 yerli universitet, 10 elmi-tədqiqat institutu, 5 dövlət qurumu qatılıb, məcmuələr toplusuna 562 məqalə daxil olub ki, onların 19%-i xarici ölkələrin payına düşür.

(REFRESH) Erasmus+ KA2 layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib

Azərbaycan Texnologiya Universitetində “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib.

Tədbir Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə həyata keçirilən, Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu REFRESH layihəsinin Danimarka səfərinə həsr edilib. 

Görüşdə layihə meneceri, tədris işləri üzrə prorektor Raqif Hüseynov REFRESH layihəsinin məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı barədə məlumat verib, cari ilin 14-20 aprel tarixlərində Danimarka Texniki Universitetinin (DTU) təşkilatçılığı ilə baş tutan səfərin nəticələrini təqdim edib, əldə olunan təcrübələri bölüşüb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.