Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Texnologiya Universitetinə avadanlıqlar ianə edib

Avadanlıqlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən "Technest" layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinə ianə edilib.
 
3D printer, proyektor, kompyuterlər və digər avadanlıqların təqdimatında ATU-nun rektoru v.m.i.e. dos.Yaşar Ömərov, tədris işləri üzrə prorektor Raqif Hüseynov, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin şöbə müdiri Orxan İsmayılov, layihə meneceri Gülnar Mirhüseynova, baş mütəxəssisi Püstə Qasımova və tələbələr iştirak edib.
 
Təqdimat zamanı Yaşar Ömərov İnnovasiya Mərkəzinin son texnologiyalarla təchiz edilməsinin tələbələr üçün yeni stimul olacağını bildirərək İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə və rəhbərliyinə təşəkkür ifadə edib.
 
Təqdimat çərçivəsində agentlik nümayəndələri ATU tələbələrinin startap layihələri ilə tanış olublar.
 
İanənin edilməsində məqsəd universitetdə startap ekosisteminin inkişafına dəstək göstərmək, tələbələrin İKT sahəsində təlimlərdə praktik vərdişlər və bacarıqlar qazanmasına, əldə edilən biliklərin yeni ideyalara və startaplara çevrilməsinə nail olmaqdır.
 
Qeyd edək ki, İnnovasiya Mərkəzinin ATU tələbələrindən ibarət 500-ə yaxın üzvü var, hazırda tələbələr 10 aktiv startap üzərində çalışırlar.

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos.Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.
 
İclasda Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədovanın təqdimatında 2023-cü il ərzində universitetdə aparılan elmi işlərin nəticələri dinlənilərək müzakirə edilib. Daha sonra elmi katib Sevda Qurbanova Elmi Şuranın cari tədris ilinin ikinci yarımili üçün iş planını şura üzvlərinin diqqətinə çatdırıb.
 
İclasda Keyfiyyətin təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyevin təqdimatında Fənn proqramlarının monitorinqinin hesabatı dinlənilib, nəticələr müzakirə edilib. Tədris şöbəsinin müdiri Cəsarət Şabanov kollokviumların və sərbəst işlərin keçirilməsinin yeni üsullarını şura üzvlərinə təqdim edib, müzakirələrdən sonra müvafiq qərar qəbul edilib.
 
Təsdiq olunması üçün prof. Əhəd Nəbiyev tədris metodiki vəsaitlərinin, Magistratura şöbəsinin müdiri Ulduz Babayeva yeni qəbul olan doktorantların mövzu və rəhbərlərinin siyahısını, Qalibə Məmmədova elmi jurnalların, eləcə də TEC-in əsasnaməsini şura üzvlərinin müzakirəsinə təqdim edib.
 
Elmi Şurada əməkdaşlardan Mehriban Aslanovanın dosent elmi adı alması üçün AAK qarşısında vəsatətin qaldırılmasına dair səsvermə keçirilib, eləcə də digər məsələlərə baxılıb.
 
İclas çərçivəsində Ümumi və tətbiqi fizika kafedrasının müdiri Məntiq Cəfərov 70 illik, Turizm sənayesinin təşkili kafedrasının müdiri Yusif Hümbətov 60 illik yubiley münasibətilə uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "Nokia" Azərbaycan şirkəti arasında görüş keçirilib

İRİA-nın təşəbbüsü ilə baş tutan üçtərəfli görüşdə ATU-nu rektor v.m.i.e. dos. Yaşar Ömərov, tədris işləri üzrə prorektor Raqif Hüseynov, strateji məsələlər və rəqəmsallaşma işləri üzrə müşavir Mehman Kərimov, Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin dekanı Rövşən Hacıyev, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, İRİA-nı şöbə müdiri Orxan İsmayılov, layihə meneceri Gülnar Mirhüseynova, baş mütəxəssis Püstə Qasımova, "Nokia" şikətini isə satış müdiri Hilal Əfrasiyabov və menecer Elçin Məmmədov təmsil edib.
 
Görüşdə birgə əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və görüləcək işlər müzakirə edilib, ATU-da qurulacaq laboratoriya haqqında danışılıb, bundan başqa "Nokia" Azərbaycan şirkəti ilə əməkdaşlıq memorandumunun imzalanması haqqında razılıq əldə edilib.


Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e. dos. Yaşar Ömərov Gənclər Günü münasibətilə bir qrup gənclərlə görüşüb

Görüşdə ATU Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqı Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin rəhbərləri və fəal üzvləri, Heydər Əliyev təqaüdünə layiq görülən tələbə, qazilər, idman nailiyyətləri qazanan, universitetin sosial və ictimai işlərində fəallıq göstərən tələbələr və ATU-nun gənc əməkdaşları iştirak edib.
 
Tədbirdə ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov Azərbaycanda uğurlu gənclər siyasətinin əsasının 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu missiyanı uğurla davam etdirdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. Dövlət başçısının bütün çağırışlarına cavab verən Azərbaycan gəncləri Vətən müharibəsi ərəfəsində könüllü şəkildə ordu sıralarına qoşularaq və döyüş meydanlarında şücaət göstərərək bunu bir daha əyani sübut ediblər. Y.Ömərov gəncləri 2 Fevral Gənclər Günü münasibətilə bir daha təbrik edib, onlara nailiyyətlər və yeni-yeni uğurlar arzulayıb.
 
Görüş çay süfrəsi ətrafında davam edib.

ATU-da "Açıq qapı” günü keçirilib

Qış imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər imtahan prosesini tələbələrin diqqətini yayındırmamaq üçün xüsusi otaqda monitor vasitəsilə izləyiblər.
Tədris işləri üzrə prorektor Raqif Hüseynov valideynlərə imtahan prosesi barədə məlumat verib, bildirib ki, monitorda əks olunan imtahan zallarında və auditoriyalarda gün ərzində 900-ə yaxın tələbə iştirak edir. Prorektor qeyd edib ki, Elm və Təhsil Nazirliyinin müvafiq qərarına əsasən İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb, bundan başqa sessiyanın obyektiv və şəffaf keçirilməsi məqsədilə otaqlar müşahidə kameraları ilə təchiz edilib, imtahan korpusunda təklif və müraciətlər qutusu yerləşdirilib.
Valideynlər müşahidə zamanı Apellyasiya Komissiyasının sədri Mehman Kərimov və İmtahan Komissiyasının sədri Cəsarət Şabanovla həmsöhbət olub, prosesin gedişinə dair suallar verib, neqativ halların qarşısının alınması məqsədilə lazımı tədbirlərin görülməsini yüksək qiymətləndirib, övladlarının biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.

3 tələbəmiz Erasmus+ Mübadilə Proqramı ilə təhsilini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov Erasmus+ Mübadilə Proqramı çərçivəsində növbəti semestrdən təhsilini Avropada davam etdirəcək tələbələrlə görüşüb.
Y.Ömərov tələbələri uğurları münasibəti ilə təbrik edərək müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər. Y.Ömərov tələbələrə dərslərdə nizam-intizamlı, məsuliyyətli olmağı, bilik və bacarıqlarını artırmağı, ölkəmizi və universitetimizi layiqincə təmsil edərək onlara göstərilən etimadı doğrultmağı tövsiyə edib.
Görüşdə iştirak edən tələbələr Erasmus+ mübadilə programı çərçivəsində 2023/2024-cü tədris ili üçün 1 semestr müddətində Avropa universitetlərində təhsil alacaqlar. Belə ki, növbəti semestrdən magistr tələbələri Şükufə Əliyeva Granada Universitetində (İspaniya), Tural Veyisov Jaen Universitetində (İspaniya), bakalavr tələbəsi Fatimə Xəlilova isə Varşava Ekologiya və Menecment Universitetində (Polşa) təhsilini davam etdirəcək.