Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində bu gündən qış imtahan sessiyasına start verilib

Universitetin rektoru v.m.i.e. dos.Yaşar Ömərov imtahan prosesini izləyib, tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, eləcə də müvafiq tövsiyələr verib. Bildirib ki, tələbələrin biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Y.Ömərov tələbələrə imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.
 
Qeyd edək ki, 2 fevral 2024--cü il tarixinədək davam edəcək sessiya müddətində imtahanlar test və yazılı qaydada keçirilir.
 
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib.

Azərbaycan Texnologiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və ilin yekunlarına həsr edilmiş tədbir keçirilib

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni 2024-cü il münasibəti ilə təbrik edib, 2023-cü ildə əldə edilən nailiyyətlərdən danışaraq bildirib ki, geridə qoymaq üzrə olduğumuz ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əzmi nəticəsində suverenliyimiz tam bərpa olunub. Y.Ömərov ölkəmizin artan nüfuzu ilə yeni ildə də bir çox nailiyyətlərə imza atacağına əminlik ifadə edib, əməkdaşlara növbəti ildə yeni-yeni uğurlar arzulayıb.
 
Daha sonra Azərbaycan Texnologiya Universitetində son bir ildə görülmüş işləri, uğur və nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
 
Tədbirdə fakültələr üzrə tələbələr arasında keçirilmiş onlayn sorğunun nəticələri əsasında müəyyən edilmiş “Ən sevimli müəllim”lərin adları elan edilib.
 
Yüngül sənaye mühəndisliyi və Logistika fakültəsi tələbələrinin “Ən sevimli müəllim”i Könül Həsənova, Qida mühəndisliyi fakültəsi tələbələrinin “Ən sevimli müəllim”i Mehman İsmayılov, Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsi tələbələrinin “Ən sevimli müəllim”i Zərdan Səmədov, İqtisadiyyat və İdarəetmə fakültəsi tələbələrinin “Ən sevimli müəllim”i Mehriban Tağıyeva təltif edilib. Tədbirdə inzibati heyətdə çalışan və fəaliyyəti ilə fərqlənən işçilərə təşəkkürnamələr təqdim edilib.

Azərbaycan Texnologiya Universiteti rebrendinq etdi

Azərbaycan Texnologiya Universitetində yeni domenin, veb-saytın və loqonun təqdimatı keçirilib.
 
Tədbirdə yeni atu.edu.az domeni, eyni domen altında istifadəyə verilmiş veb-sayt və ATU loqotivi barədə geniş təqdimatla strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov çıxış edib. O yeni veb-saytın üstünlüklərindən danışaraq bildirib ki, 3 dildə fəaliyyət göstərən rəsmi sayt və elmi jurnallardan ibarət alt bölmələr təhlükəsizlik tələblərinə, daha informativ, funksional üstünlüklərə malik olmaqla müasir standartlara cavab verir, ağ-bənövşəyi çalarlardan ibarət yeni ATU loqosu isə ornament etibarı ilə texniki və texnoloji elmləri ifadə edir.


Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib

Elmi şuranın sədri, Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov kvotanı nəzərə alaraq Elmi Şura iclasını açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
 
İclasda tədris işləri üzrə prorektor Raqif Hüseynov illik hesabatla çıxış edib. Daha sonra Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyevin təqdimatında həmin kafedranın, Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri v.m.i.e. Əli Məmmədovun təqdimatında isə Tələbə Gənclər Təşkilatının fəaliyyətinin hesabatı dinlənilib.
 
İclas zamanı professor vəzifəsinə seçki keçirilib, tədris metodiki vəsaitlər təsdiq edilib. Sonda Strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimovun universitetin professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi barədə təqdimatı dinlənilib. Təqdim olunan reytinqlər cədvəlinə əsasən professor Əhəd Nəbiyev “İlin alimi”, Qida mühəndisliyi və ekspertiza kafedrası “İlin kafedrası”, Qida mühəndisliyi fakültəsi isə “İlin fakültəsi” nominasiyalarına layiq görülüb. Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov iclasda “İlin alimi”, “İlin kafedrası” və “İlin fakültəsi”ni təltif edib.

ATU-da tədqiqatçılar Avropa alimlərinin təlimlərinə cəlb edilib

Azərbaycan Texnologiya Universitetində Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin professoru Aniko Kademi-Vidranın təlimləri təşkil edilib.
Onlayn təlimdə Universitetin magistr və doktorantları, professor-müəllim heyəti iştirak edib.
Təlimdən əvvəl gənc tədqiqatçılar avropalı professor ilə əlaqələndirilib. Professor magistrların tədqiqat mövzularını, onları maraqlandıran məsələlərlə bağlı müraciətlərini onlayn şəkildə qeydə alıb.
Prof. Aniko Kademi-Vidra elmi-tədqiqat sahəsi ilə bağlı əvvəldən verilmiş bütün sualları cavablandırıb, dissertasiya mövzuları ilə bağlı məsləhətlər verib.
Təlimdə dissertasiya işinin yazılma qaydaları, müxtəlif xarici jurnallarda elmi məqalələrin, tezislərin çap olunmasına dair müzakirələr aparılıb.
Qeyd edək ki, tədqiqat metodologiyası fənni üzrə keçirilən təlimlər 3 gün müddətində davam edib.

ATU ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texnologiya Universiteti ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov və İctimai Birliyin sədri Leyla Zeynalova tərəfindən Azərbaycan Texnologiya Universitetində imzalanıb.
Memorandumda təlim, seminar, mentorluq proqramlarının təşkili, birgə tədqiqat proqramlarının yaradılması və tələbələrin bu işə cəlb edilməsi, yeni təhsil və təlim texnologiyalarına dair təşviqedici layihələrin həyata keçirilməsi və s. məsələlər öz əksini tapır.