Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

“Prima Consulting” MMC-nin səlahiyyətli nümayəndələri fokus qruplar üzrə görüşlər keçirib

Azərbaycan Texnologiya Universitetində “Prima Consulting” MMC-nin səlahiyyətli nümayəndələri fokus qruplar üzrə görüşlər keçirib. Görüşlərin keçirilməsində məqsəd Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı kəmiyyət və keyfiyyət göstəricisinin, vətəndaş məmnuniyyətinin müəyyən edilməsi olub.
 
Görüşlərdə müxtəlif zaman aralığında sosial və standart TTK-yə müraciət edən tələbələrin valideynləri, TTK haqqında məlumatlı olan və olmayan əməkdaşlar, təhsil tələbə kreditinə namizəd olub, ancaq təhsil tələbə kreditindən yararlanmayan tələbələr iştirak edib.
 
“Prima Consulting” MMC-nin əməkdaşı Allahverdi Şəfiyev fokus qruplar üzrə təhsil tələbə kreditinin mahiyyəti, müraciət qaydaları haqqında danışıb, şərtlər üzrə yanvar ayından tətbiq olunacaq yenilikləri diqqətə çatdırıb, valideynlərin, universitet əməkdaşlarının, eləcə də tələbələrin TTK ilə bağlı fikirlərini öyrənib, təklif və müraciətlərini qeydə alıb.

REFRESH Erasmus+ KA2 Layihəsinin məlumatlandırma günü keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu, Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşan “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 Layihəsinin məlumatlandırma günü keçirilib.
 
Tədbirdə ATU-nun tədris işləri üzrə prorektoru Raqif Hüseynov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov, UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin şöbə müdiri Afət Ələkbərova, ATU-nun struktur bölmə rəhbərləri və Ətraf mühitin mühafizəsi kafedrasının professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
 
Azərbaycan Texnologiya Universitetinin layihə üzrə meneceri Raqif Hüseynov tədbirdə giriş sözü ilə çıxış edib, ATU-nun qoşulduğu REFRESH layihəsi barədə danışıb, universitet üçün, müvafiq kafedranın professor-müəllim heyəti, eləcə də tələbələr üçün faydalı olacağını qeyd edib.
 
Daha sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova təqdimatla çıxış edərək layihənin fəaliyyət planı, idarə edilməsi və koordinasiyası, bərpa olunan enerji təhsili üzrə tərəfdaş olan Azərbaycan universitetlərində ilkin tədqiqatı, pilot kursların və innovativ kurikulumların dizaynı, virtual öyrənmə və simulyasiya (VLS) laboratoriyalarının Aİ modellərinin araşdırılması, disseminasiya, dayanıqlılıq, keyfiyyət planı və monitorinqi, layihədən gözlənilən nəticələr barədə ətraflı məlumat verib.
 
Tədbirin sonunda layihə ilə bağlı professor-müəllim heyətini və tələbələri maraqlandıran suallar cavablandırılıb.

17 Noyabr - Milli Dirçəliş Günü qeyd edilib

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Daha sonra tədris işləri üzrə prorektor Raqif Hüseynov giriş sözü ilə çıxış edib, ölkəmizin müstəqilliyi yolunda xalqımızın iradəsini, birlik və həmrəyliyini özündə təcəssüm etdirən tarixi gündən danışaraq tədbir iştirakçılarını Milli Dirçəliş Günü münasibətilə təbrik edib.
 
Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifov, həmin kafedranın dossenti Süsənbər Məmmədova və digər çıxış edənlər bildiriblər ki, 1988-ci ilin 17 noyabrında Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib.
 
Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.
 
Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalqın fasiləsiz kütləvi etirazı 17 gün aramsız davam edib.
 
Çıxışlarda milyonlarla insanın qatıldığı bu aksiyanın həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası olduğu, SSRİ-nin süqutu prosesində rol oynadığı vurğulanıb. Bildirilib ki, dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, xalqın milli dirçəlişi Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.


ATU müəllimləri stolüstü tennis yarışının ikincisi olub

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər Gənclər Evində ali təhsil və orta ixtisas təhsil müəssisələrinin müəllimləri arasında stolüstü tennis yarışı keçirilib.
 
Yarışda Azərbaycan Texnologiya Universitetinin (ATU) müəllimləri ikinci yeri qazanıb. Birinci və üçüncü yerləri isə müvafiq olaraq Gəncə Dövlət Universiteti (GDU) ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimləri tutub.

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür!

Dövlətçiliyimizin rəmzi və qürur mənbəyimiz olan üçrəngli bayrağımız 
bu gün bütün Azərbaycan ərazisində vüqarla dalğalanır.

Əbədi Zəfərimiz mübarək!

Bu Zəfər əsrlərin Zəfəridir! Bu Zəfər haqqın Zəfəridir!
Bu Zəfər milli birliyin, Vətənə sevginin, ümid və inamın Zəfəridir!