Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universiteti ilə "Nar"  arasında Anlaşma Memorandumu imzalanıb

Sənədi ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "Nar"ın Baş İcraçı Direktoru Qunnar Panke imzalayıb.
 
Memorandumun məqsədi texniki ixtisaslar üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsidir. Bu əməkdaşlıq çərçivəsində “Nar”ın peşəkar texniki heyəti öz nəzəri və praktiki biliklərini universitetin tələbələri ilə bölüşəcək, eləcə də, tələbələr “Nar”ın ixtisaslarına uyğun departamentlərində təcrübə keçərək gələcək karyeraları üçün əvəzsiz üstünlük əldə edəcəklər.
 
Qeyd edək ki, universitet-sənaye əlaqələrinin gücləndirilməsini hədəfləyən Azərbaycan Texnologiya Universiteti son 1 ildə bir çox iri sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb, mövcud əlaqələri genişləndirib.
 
"Nar" əmtəə nişanı ilə fəaliyyət göstərən "Azerfon" isə 2007-ci ildən rabitə xidmətləri sektorundadır. Son 5 ildir Müştəri Loyallığı İndeksinə görə ölkədə lider operator olan "Nar" hazırda 2.2 milyon abunəçiyə xidmət göstərməkdədir.

ATU-da mülki müdafiə üzrə tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili" mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə pedaqoji kollektivin və tələbələrin mülki müdafiə hazırlığının təşkil olunması, maarifləndirilməsi məqsədilə baş tutub.

ATU-nun rektoru v.m.i.e. dos.Yaşar Ömərov Rusiyada ilk Avro-Asiya İT Formunda məruzə ilə çıxış edib

 
Azərbaycan Texnologiya Universiteti Rusiya Federasiyasında keçirilən ilk Avro-Asiya İT Formunda iştirak edib.
"Rəqəmsal suverenlik uzunmüddətli beynəlxalq əməkdaşlığın əsası kimi" ilk Avro-Asiya İT forumunda ATU-nu rektor v.m.i.e. dos.Yaşar Ömərov və strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov təmsil edib.
Yaşar Ömərov iki günlük forum çərçivəsində "Rəqəmsal dövlət idarəçiliyi üzrə kadr hazırlığı" adlı panelin spikeri qismində çıxış edib.
Forum Moskva şəhərində Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi
Kommunikasiyalar Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə bir çox ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib.


ATU-da "Biznesini birgə yaradaq" layihəsi çərçivəsində forum keçirilib.

Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Respublikası Gənclər Fondu və Gənclərin Həmrəyliyi İctimai Birliyinin birgə təşkilatçılığı ilə ATU-da “Biznesini birgə yaradaq” layihəsi çərçivəsində forum keçirilib.
Forumun keçirilməsində məqsəd regionların sosial-iqtisadi inkişafında gənclərin rolunu artırmaq, yeni ideaların mübadiləsinə və uğurlu təcrübənin tətbiqinə nail olmaq, eləcə də gənclərin biznes bacarıqlarının artırılmasına dəstək olmaqdır.
Forumda iştirak edən tələbələr hədiyyə və sertifikatlarla təltif edilib.

ATU-da Prof. Dr. Patrick Siegfriedin elmi seminarı keçirilib

Azərbaycan Texnologiya Universitetində Almaniyanın Trier Tətbiqi Elmlər Universitetinin Magistratura şöbəsinin müdiri Prof. Dr. Patrick Siegfriedin elmi seminarı keçirilib.
 
“Startap şirkətlərində xidmət mühəndisliyi” mövzusuna həsr edilmiş seminarda professor-müəllim heyəti, eləcə də magistr və doktorantlar iştirak edib, alman professorla müvafiq sahənin aktual məsələləri müzakirə edilib.

ATU-da  dekan vəzifəsinə seçki keçirilib

14 fevral tarixində Azərbaycan Texnologiya Universitetində Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı vəzifəsinə seçki keçirilib.
 
Fakültə əməkdaşlarının səs çoxluğu ilə dosent Əliyev Şakir Hüseynqulu oğlu Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı seçilib.
 
Qeyd edək ki, Şakir Əliyev 1991-ci ildən Azərbaycan Texnologiya Universitetində laborant, baş laborant, baş müəllim, 2020-ci ildən indiyədək isə Maşın mühəndisliyi və logistika kafedrasının müdiri vəzifələrində çalışıb.
 
O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə 2008-ci ildə texnika üzrə fəlsəfə doktoru dərəcəsinə, 2013-cü ildə isə dosent elmi adına layiq görülüb. Hazırda elmlər doktoru proqramı üzrə dissertasiya işini başa çatdıraraq sənədləri AAK-a təqdim edib.