Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

(REFRESH) Erasmus+ KA2 layihəsinin rəsmi veb-saytı istifadəyə verilib

Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu ilə həyata keçirilən və Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsinin rəsmi veb-saytı istifadəyə verilib.
Saytda layihə haqqında ümumi məlumat, layihənin məqsəd və vəzifələri, iş paketləri, tərəfdaşların təsviri, xəbərlər, şəkillər və ictimaiyyətə açıq sənədlər bölməsi əks olunub.
Veb-saytın linki:

Aprel döyüşlərindən 8 il ötür

Şanlı Zəfərin başlanğıcı olan Aprel döyüşlərindən 8 il ötür.
Azərbaycan Texnologiya Universitetinin məzunu olan şəhid Rəşad Niftalılının timsalında bütün Aprel şəhidlərini qürurla yad edirik.
Allah rəhmət eləsin.

“Ləmbəli Oğuz Türk yurdu: dili və xalçalarındakı tarix” adlı monoqrafiya nəşr olunub

Azərbaycan Texnologiya Universitetinin Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının professoru Cahangir Hacıyevin “Ləmbəli Oğuz Türk yurdu: dili və xalçalarındakı tarix” adlı monoqrafiyası nəşr olunub.
Monoqrafiyada türklərin böyük yayılma köçü və daxili yerdəyişmələri, köçün səbəbləri və yayılma coğrafiyası, o cümlədən Bozqurdlar, Oğuz türkləri və Pazırıq xalısındakı kodlaşdırılmış informasiyalar haqqında bilgilər yer alır.
Nəşrdə Lənbəli kəndində formalaşmış danışıq dili və Lənbəli xalçaları elmi-tədqiqat obyekti kimi götürülərək hər iki istiqamətdə mövcud materiallar üzərində araşdırmalar aparılıb, xalçaların naxış, süjet və kompozisiyalarının əsrlərlə sirr olaraq saxladığı tarixi faktlar üzə çıxarılıb.
Kitab filologiya, tarix, xalçaçılıq və dizaynla məşğul olan mütəxəssislər, ali məktəblərin müvafiq ixtisaslarında təhsil alanlar və müəllimlər üçün nəzərdə tutulub.


Universitetimizə təyin edilən yeni prorektor kollektivə təqdim edilib

 
Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos.Yaşar Ömərov yeni təyinatla bağlı nazirliyin əmrini kollektivin diqqətinə çatdırıb və bildirib ki, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. Yaşar Ömərov Ş.Həsənova fəaliyyətində uğurlar azru edib.
Ş.Həsənov öz növbəsində ona göstərilən etimatı doğruldacağını bildirib, universitetin inkişafı istiqamətində bütün səylərini birləşdirərək bundan sonra da əzmlə çalışacağını qeyd edib.
Kollektiv Ş.Həsənovu təbrik edib, yeni vəzifədə yeni-yeni nailiyyətlər diləyib.

ATU-da yeni prorektor  təyin olunub

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
Şahmar Həsənov 17 iyun 1981-ci ildə Gəncə şəhərində anadan olub.
2003-cü ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin bakalavriat səviyyəsini, 2005-ci ildə isə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə milli ordu sıralarında uğurla hərbi xidmət keçib. 2007-ci ildən Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasında pedaqoji fəaliyyətə başlayıb. Eyni zamanda 2022-ci ilin sentyabrından 2024-cü ilin mart ayına qədər Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri vəzifəsini icra edib.
Ş.Həsənov 2022-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix institutunda "Şimali Azərbaycanda Rusiya kommersiya banklarının fəaliyyəti (XIX-XX əsrin əvvəlləri) mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2023-cü il 1 sentyabr tarixli qərarı ilə Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Bir neçə dəfə beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış edib. Erasmus təcrübə proqramlarında iştirak edib.
43 elmi məqalənin 2 tədris proqramının və 1 dərs vəsaitinin müəllifidir.
Rus, ingilis və türk dillərini bilir. Ailəlidir, iki övladı var.

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova Universitetdə keçiriləcək konfranslar barədə çıxış edib.
Daha sonra İqtisadiyyat kafedrasının müdiri Məmməd Urkayevin və Mühasibat uçotu və iqtisadi təhlil şöbəsinin müdiri İradə Zeynalabdinzadənin hesabatları dinlənilib.
Təsdiq olunması üçün tədris işləri üzrə prorektor, Tədris Metodiki Şuranın sədri Raqif Hüseynov Tədris metodiki vəsaitlərin siyahısını, Magistratura və doktorantura şöbəsinin müdiri Ulduz Babayeva isə doktorantların mövzu və rəhbərlərinin siyahısını təqdim edib.
İclas çərçivəsində Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin dekanı Rövşən Hacıyev, Qida mühəndisliyi və ekspertiza kafedrasının əməkdaşları Müşfiq Xəlilov və Simuzər Fərəcova yubileyləri münasibətilə təltif ediliblər.