Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetinin sabiq tələbəsi vəfat edib

Azərbaycan Texnologiya Universitetinin sabiq tələbəsi Sadıqov Nicat Samid oğlu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
 
Nicat səhhəti ilə əlaqədar ötən ildən – III kursdan təhsilini dayandırmışdı.
 
Nicat 6 aprel 1998-ci ildə Bərdə rayonunda anadan olub, 2018-ci ildə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecini bitirərək subbakalavr kimi Texnologiya Universitetinin Logistika və nəqliyyat texnologiyaları ixtisasına qəbul olub.
Universitet və qrup yoldaşları adından yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin!

Möhtəşəm fəaliyyət, peşəkar idarəetmə

        1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikası aradan keçən 32 il ərzində iki liderlə xatırlanmış, mövcud olmuş, inkişaf etmiş və inkişaf etməkdə davam etməkdədir. Bu liderlərdən birincisi Azərbaycan Respublikasının qurucusu hesab edilən, bu dövlətin dönməzliyini və daimiliyini təmin edən, onu ağır və dağınıq vəziyyətdən uğurla çıxardaraq inkişaf yoluna qoyan, Ulu Öndərimiz Heydər Əliyevdir. Digəri isə, Azərbaycanı Ulu Öndərdən təhvil alaraq sürətlə inkişaf etdirən, bütün problemlərin öhdəsindən məharətlə gələn, öz ağlı, qabiliyyəti və uzaqgörən siyasəti ilə böyük dövlətləri belə Azərbaycanla hesablaşmağa məcbur edən, xalqın sevimlisi Cənab Prezident İlham Əliyevdir.

       Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir, uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

       Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir.

       İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir. İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda  da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir. Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.

        Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. 2023-cü ilin sentyabr ayının 19-da 24 saat ərzində həyata keçirilmiş hərbi əməliyyatlar isə, bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı dövləti və ordusu ilə birləşəndə onun qarşısını heç kim kəsə bilməz. Cənab prezidentin düşünülmüş və zamanında atdığı addımlar sayəsində bu gün Azərbaycanın möhtəşəm üç rəngli bayrağı vətənimizin bütün rayon və şəhərlərində qürurla dalğalanmaqdadır.  Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

        Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü, diplomu və medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

        Cənab Prezidentin fəaliyyəti Azərbaycan xalqını bir daha əmin edir ki, onun dövləti güclü əllərdədir və onun liderinin apardığı siyasət Azərbaycan Respublikasının  daha da güclü gələcəyinin qarantıdır.

 

Azərbaycan Texnologiya Universiteti

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir

Şahmar Umud oğlu Həsənov

ATU Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu tərəfindən "Azərbaycan bölgələrinin maliyyə özünüyetərliyi" adlı elmi seminar keçirilib

Hər iki müəssisənin rəhbər heyəti və müvafiq professor-müəllim heyətinin iştirakı ilə baş tutan seminarda Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov institut rəhbərliyini və əməkdaşlarını salamlayıb, daha sonra elmi tədqiqat institutları ilə əməkdaşlığın əhəmiyyətindən danışıb, seminar mövzusunun müvafiq sahənin gənc tədqiqatçıları və professor-müəllim heyəti üçün faydalı olacağınına əminlik ifadə edib.
 
Daha sonra İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli Maliyyə Nazirliyinin sifarişi əsasında institut tərəfindən aparılan “Azərbaycan bölgələrinin maliyyə özünüyetərliyi” adlı tədqiqat işi və nəticələri barədə məruzə ilə çıxış edib. Bildirib ki, kitab şəklində nəşr edilmiş tədqiqat işi Azərbaycanın bölgələri üzrə aparılsa da, təklif edilən yanaşma digər ölkələrdə də tətbiq oluna bilər.
 
Seminar çərçivəsində elmi-tədqiqat işlərinin mövcud vəziyyətinə dair fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.


ATU-nun Ətraf mühitin mühafizəsi kafedrasının  müdiri prof. Elşad Məmmədov (REFRESH) layihəsi çərçivəsində İtaliyada  səfərdə iştirak edib

Azərbaycan Texnologiya Universitetinin Ətraf mühitin mühafizəsi kafedrasının müdiri prof. Elşad Məmmədov “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması (REFRESH)” layihəsi çərçivəsində İtaliyanın Boloniya Universitetinə (UNIBO) səfərdə iştirak edib.
 
Səfərin əsas məqsədi yaşıl və dayanıqlı iqtisadiyyatın inkişafında UNIBO təcrübələrini öyrənmək olub.
 
Təlim proqramının ilk günü UNIBO-nun beynəlxalq məsələlər üzrə məsul professor-müəllim heyəti ilə REFRESH layihə konsorsiumuna üzv olan Azərbaycan ali təhsil müəssisələri nümayəndələrinin görüşü keçirilib. Bu görüşdə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitetlər və nailiyyətləri haqda ətraflı məlumat verib, REFRESH layihəsi müddətində atılacaq addımlar, fəaliyyət istiqamətləri barədə çıxış ediblər.
 
Təlim proqramının növbəti günlərində UNIBO-nun Sənaye mühəndisliyi kafedrasının professor-müəllim heyətinin seminarları dinlənilib. Seminarda Matteo Gherardi, Andrea De Pascale, Beatrice Pulvirenti, Alberto Borghetti yaşıl və dayanıqlı enerjinin inkişafı ilə bağlı fəaliyyətlərini, iqlim dəyişikliyinin təsirinin azaldılmasına dair təşəbbüslərini bölüşüblər.
 
Bundan başqa UNIBO-nun Tədqiqat və İnnovasiyalar Mərkəzinin əməkdaşları - Livia Mercatelli e Franca Maria Mura, Samuele Giangrande, Natalia Rossi, Giuseppe Nottola UNIBO-da tədqiqat və innovasiyalar sahəsinin inkişafı haqqında təqdimatla çıxış edib, Azərbayan nümayəndələrinin suallarını cavablandırıblar.
 
Təlim proqramının sonuncu günü Azərbaycan ali təshil müəssisələrinin nümayəndələri ilə UNIBO-nun nümayəndələri arasında REFRESH layihəsi üzrə növbəti addımların müəyyən esilməsi məqsədilə yekun görüş keçirilib.

“Azəralüminium” MMC tərəfindən Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün xüsusi təqaüd təsis edildi

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə cəmiyyəti olan “Azəralüminium” MMC – dövlət müəssisəsi arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində ATU tələbələri üçün xüsusi təqaüd təsis edilib.
Bu barədə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla “Azəralüminium” MMC-ninun direktoru Maksim Cavadov arasında 15 dekabr 2023-cü il tarixdə keçirilən görüşdə razılaşma əldə olunaraq müvafiq saziş imzalanıb.
 
Razılaşmaya əsasən, xüsusi təqaüd universitetin texniki və texnoloji ixtisaslarında təhsil alan, ən yüksək akademik göstəricilərə malik 2 tələbəsinə veriləcək. Təqaüd hər tələbə üçün 100 manat məbləğində müəyyən olunub və yeni təqvim ilindən etibarən hər ay verilməsi nəzərdə tutulub.
 
Müəssisə ilə universitet arasında əldə edilən digər razılığa əsasən, regionda məşğulluğa dəstək verilməsi baxımından Azəralüminiumun kadr ehtiyatının daim sabit saxlanılması sahəsində fəaliyyətinin təmin edilməsi, mütəxəssis hazırlığının keyfiyyətini yüksəldilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlanması məqsədilə Azəralüminium tərəfindən ATU-da 2 ixtisaslaşmış auditoriya qurulacaq. Yaxın zamanda auditoriyaların qurulması işlərinə başlanılacaqdır.
 
Görüşdə həmçinin "Metallurgiya mühəndisliyi" ixtisasının tədris planına müvafiq fənlər daxil etməklə onun yenilənməsi və bunun üçün birgə işçi qrupun yaradılmasına dair razılığa gəlinib.
 
Qeyd edək ki, universitet-sənaye əlaqələrinin gücləndirilməsini hədəfləyən Azərbaycan Texnologiya Universiteti son 1 ildə bir çox iri sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb, mövcud əlaqələri genişləndirib.

ATU-nun tələbəsi Emin Allahverdiyev “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb

Azərbaycan Texnologiya Universitetinin tələbəsi Emin Allahverdiyev “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı çərçivəsində 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim edilib. Onların arasında Azərbaycan Texnologiya Universitetinin tələbəsi Emin Allahverdiyev də var.
“Heydər Əliyev adına təqaüd” tələbəmizə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov tərəfindən təqdim edilib.
Qeyd edək ki, “Heydər Əliyev adına təqaüd” “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli Sərəncamı ilə təsis edilib. Sərəncama əsasən ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” 3000 (üç min) manat məbləğində birdəfəlik verilir.