Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Tələbə qızlar üçün “Zərif mühəndislər” təqaüd proqramı elan edilir

 

Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tələbə qızlar üçün “Zərif mühəndislər” təqaüd proqramı elan edir.

 

Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində “Zərif mühəndislər” xanımların inkişafı layihəsi həyata keçirilir.

Layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər. Təqaüdlə yanaşı, qızlara mentorluq, təcrübə və təlimlərin təşkil olunacaqdır.

Namizədlərin seçimi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələsindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbə həyatı ilə bağlı suallar veriləcəkdir.

Təqaüd proqramı üçün müəyyən edilmiş ixtisas siyahısı ilə buradan tanış ola bilərsiniz.

Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.

Müraciət üçün son tarix: 30.04.2024-cü il.

 

Layihəyə kimlər müraciət edə bilər:

·         Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

·         Azərbaycan Respublikasının elmi-müəssisə və təşkilatlarında əyani təhsilalma forması üzrə 4-cü kurs bakalavriat və ya 1-ci kurs magistr təhsili almalıdır.

·         Qeyd olunan ixtisaslar üzrə təhsil almalıdır.

·         Ali təhsil müəssisəsinin bakalavr pilləsinə minimum qəbul balı 300, magistr pilləsinə isə 60 olmalıdır.

·         Ümumi orta müvəffəqiyyət göstəriciləri 80% -dən yuxarı olmalıdır.

·         Dərsdənkənar fəaliyyətdə aktiv olmalıdır (könüllü, sosial fəaliyyət və s.).

·         Aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır:

-          Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü;

-          Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.

·         Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:

-          I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;

-          İşsiz kimi qeydiyyatda olanlar;

-          İş yeri olmayan və yaşa görə əmək pensiyası alanlar;

-          İş yeri olmayan və yaşa görə sosial müavinət alanlar.

 

Yuxarıdakı sosial kriteriyalara cavab verən 1-ci kurs magistr tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.

Qeyd: Fondun təşkil etdiyi digər təqaüd proqramından yararlanmış şəxs, bu layihəyə müraciət edə bilməz.

 

 

 

Azərbaycan Texnologiya Universiteti fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya  qəbul elan edir

Azərbaycan Texnologiya Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” na əsasən 2024-cü il üçün aşağıdakı ixtisaslardan fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir:

3304.01 - Kompüter qurğuları və texnologiyası – doktorantura əyani - 1 yer
3308.01 - Ətraf mühitin texnologiyası və mühəndisliyi-doktorantura əyani-1 yer
3309.01 - Qida məhsullarının texnologiyası - doktorantura əyani - 1 yer
3339.01 - İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi - dissertantura* - 1 yer
5304.01 - İqtisadi fəaliyyət növləri - dissertantura* – 1 yer
5308.01 - Ümumi iqtisadiyyat - doktorantura əyani – 1 yer
5311.01 - Müəssisələrin təşkili və idarəolunması - doktorantura qiyabi - 1 yer
5312.01 - Sahə iqtisadiyyatı - doktorantura əyani - 1 yer

*Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq.

Sənəd qəbulu 16 aprel 2024-cü il tarixindən 15 may 2024-cü il tarixədək portal.edu.az vasitəsi ilə keçiriləcəkdir.

Əlaqə: 022 267 03 91 (Magistratura və doktorantura şöbəsi)

"GreenTech" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Kapital Bankın və Bir Tələbə Könüllü Təşkilatının dəstəyi ilə "GreenTech" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir.
Müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunur.
Yarışın final mərhələsi 1-2 may 2024-cü il tarixlərində baş tutacaq.
Tələbələr qeydiyyat, eləcə də müsabiqənin kateqoriyaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün QR kod və ya atu.edu.az/greentech linkindən istifadə edə bilərlər.
Qeydiyyat üçün son tarix 23.04.2024-cü ildir.
Bütün ali təhsil müəssisələrinin tələbələrini müsabiqədə iştirak etməyə dəvət edirik.


Tələbələrimizin nəzərinə!

 
Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı çərçivəsində “Ən yaxşı səməni” müsabiqəsi təşkil olunacaq.
Müxtəlif dizaynlarda yetişdirilən səmənilər 19 mart tarixində universitetin həyətində baş tutacaq Novruz şənliyində sərgilənəcək. Müsabiqə qaliblərini mükafatlar gözləyir.
Nümunələrlə bağlı son müraciət tarixi 17 martadəkdir.

ATU vakansiya elan edir

Azərbaycan Texnologiya Universiteti aşağıda adları göstərilən vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir:
 
Qida mühəndisliyi və ekspertiza kafedrası             
- dosent 2 yer
 
Maşın  mühəndisliyi və logistika kafedrası
- dosent 1 yer
- baş müəllim 1 yer
 
İqtisadiyyat kafedrası                                           
- dosent 1 yer
- baş müəllim - 1 yer
 
İctimai elmlər və multikulturalizm kafedrası
- baş müəllim 1 yer
 
Yüngül sənaye mühəndisliyi və dizayn kafedrası   
- dosent 1 yer
- baş müəllim 1 yer
 
Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.
 
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 401 nömrəli 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” əmrinə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
 
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.
 
Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103
Əlaqə tel: 022-257-56-29
 
                   

 

Azərbaycan Texnologiya Universitetində Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcəkdir

          6-7 may 2024-cü il tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda hibrid formatda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcəkdir. 

*  Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib: 

-        Qida mühəndisliyi və texnologiyaları

-        Süni intellekt, elektronika və informasiya texnologiyaları

-        Tekstil və yüngül sənaye

-        Dizaynda  innovativ texnologiyalar

-        Maşınqayırma, nəqliyyat və logistika

-        Metallurgiya  mühəndisliyi

-        Rəqəmsal iqtisadiyyat və idarəetmə

-        Turizm sənayesinin  təşkili

-        Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf

-        Fundamental elmlər və innovativ texnologiyalar

-        Multikultural təhsildə innovativ texnologiyalar

 

*  Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:

-        Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;

-        Mətn “Microsoft Word ” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 formatlı standarta (210x297 mm) uyğun hazırlanmalıdır;

-        Konfrans materialının mətni 3 səhifəyə qədər olmalıdır;            

-        Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə);

*  Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:

-        Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;

-        Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;

-        İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;

-        Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir;

-          İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mötərizədə göstərilir.

*  Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır. 

*  Konfrans materialının sonunda xülasə verilir (Azərbaycan dilində yazılmış materiala İngilis və Rus dillərində, Rus dilində yazılmış materiala İngilis dilində). İngilis dilində yazılmış konfrans materialının xülasəyə ehtiyacı yoxdur.  Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin  adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.

*  Konfransın redaksiya heyətinə təqdim olunan materialın orijinallığı 85 %-dən az olmamalıdır.

*  Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, yuxarıda qeyd olunan tələbləri ödəmədikdə Təşkilat komitəsi tərəfindən qəbul edilmir və bu barədə müəlliflərə məlumat verilmir.

*  Çıxış üçün qəbul edilən konfrans materialı haqqında məlumat müəlliflərə konfransa 3 gün qalmışa qədər (son tarix 3 may) göndərilir.

*  Konfransda çıxış edən hər bir  tədqiqatçıya sertifikat verilir. Dinlənilmiş çıxışlardan nəşr üçün yararlısı sədr və həmsədrlər tərəfindən müəyyən edilib protokollaşdırılır.  Protokol Təşkilat komitəsinə təqdim olunur.

*  Konfrans materialları  20 gün ərzində (mayın 27-ə qədər) PDF formatında konfransın rəsmi saytında( https://conference.atu.edu.az/ )yerləşdirilir.

*  Konfransda iştirak ATU və xarici ölkələri təmsil edən əməkdaşlar, gənc tədqiqatçılar (doktorant, dissertant və magistrantlar) üçün ödənişsizdir. Digər iştirakçıların konfrans materialının hər səhifəsi üçün 5 manat nəzərdə tutulur. Konfrans materialları ödəniş qəbzi ilə birgə təqdim olunmalıdır. 

*  Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ MMC

VÖEN: 2300343181

H/H: AZ39AIIB38060019440135272127

Bankın adı:  “Kapitalbank” ASC Gəncə filialı

Bankın kodu:  200275

VÖEN:  9900003611

Müxbir hesab:  AZ37NABZ01350100000000001944

S.W.I.F.T. BİK: AIIBAZ2X

*  Konfrans materialları 15 aprel 2024-cü ildən gec olmayaraq conference@atu.edu.az elektron poçt ünvanına göndərilməlidir.

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103

Tel: (022) 257 00 46

e-mail: conference@atu.edu.az